TAİB Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: “Türkiyəyə lazımlı adam – Ərdoğanla mübarizədə Kılıçdaroğlunun heç bir şansı yoxdur!”
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində muxalifət 6-lı masadan CHP-sədri Kamal Kılıçdaroğlunu Rəcəb Tayyib Ərdoğana qarşı namizədliyini irəli sürdü. Əslində həmin masadan Kılıçdaroğlunun vahid namizdə kimi adının önə sürüləcəyini öncədən də ehtimal etmək olardı. Çünki 6-lı masada digər namizədlərə nisbətən Kılıçdaroğlunun reytinqi yüksəkdir. Ancaq buna baxmayaraq, Kılıçdaroğlunun seçkilərdə Ərdoğana qalib gəlməsi mümkün görünmür.
Bildiyimiz kimi, uzun müddətdir ki, altılı masa vahid namizədin adının açıqlaması ilə bağlı qərara gələ bilmirdi. Bu isə onların daxildə bir-biriləri ilə anlaşa bilməmələrindən qaynaqlanırdı. Hətta bir neçə gün öncə İYİ partiya sədri Merel Akşener həmin masanı tərk etmişdi. Ancaq o, altılı masaya Mansur Yavaş və Əkrəm İmamoğlunun vitse-prezident olması şərtilə yenidən qayıtdı. Əgər bu seçkilərdə Kılıçdaroğlu qələbə qazansa belə höküməti formalaşdırmaq asan olmayacaq. Çox ehtimal ki, o, prezident seçkilərində qələbə qazanarsa Türkiyədə koalisiya höküməti qurulacaq. Ancaq Türkiyə ictimaiyyəti belə bir hökümətin qurulmasında maraqlı deyil.
Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələ çoxlu sayda insan ölümünə və iqtisadi zərərlərə səbəb oldu. İndi əsas məsələ dəymiş zərərin aradan qaldırılmasıdır. Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə onun höküməti bölüşdürməyə daha çox vaxt ayıracağını proqnozlaşdırmaq olar. Və bu səbəbdən də o, onun fəlakətin fəsadlarının ortadan qaldırılması işinə lazımi diqqət ayıra bilməyəcək.
Ancaq Kılıçdaroğlundan fərqli olaraq Ərdoğan Türkiyədə bir çox fəlakətlərin şahidi olub və həmin fəlakətlərin tez bir zamanda aradan qaldırılmasına nail olub. Bunu Türkiyə xalqı da çox yaxşı bilir. Ərdoğanın Türkiyənin 11 vilayətində baş vermiş dağıdıcı zəlzələnin fəsadlarını tez bir zamanda aradan qaldıracağına şübhə yoxdur. Hətta Ərdoğan bu fəsadın aradan qaldırılması üçün xalqdan vaxt istədi və hazırda da həmin fəsadın aradan qaldırılması ilə bağlı işlər sürətli şəkildə aparılır. Hətta Ərdoğan həftənin 3 gününü zəlzələ zonalarına səfərlərə sərf edir. Kılıçdaroğlunun Ərdoğana qarşı seçkilərdə qalib gələ bilmə şansının olmadığını bu gün dünyanın ən öndə gələn media qurumları da yazır. Sosial şəbəkələrdə Türkiyədə seçkilər öncəsi xalq arasında keçirilən sorğulara da nəzər salsaq görərik ki, türk xalqı Kılıçdaroğlunu Ərdoğanla müqayisə oluna bilməyəcəyini qətiyyətlə söyləyir. Çünki xalq AKP hakimiyyətindən öncəki hakimiyyətin zamanında ölkənin hansı durumda olduğunu unutmayıb.
Hazırda isə Ərdoğanın liderlik etdiyi Türkiyə dünyada adından söz etdirir. Türkiyə o zamanki baş nazir Bülənt Əcevitin zamanında adi bir silah mərmisini kənardan alırdısa, indi isə qardaş ölkə silah texnologiyasında dünyada aparıcı mövqeyə sahibdir. Bu gün Türkiyənin istehsal etdiyi silahlara dünyanın bir çox ölkələri böyük maraq göstərir. Buna misal olaraq Bayraktar SİHA və İHA-larını misal göstərə bilərik. Bundan başqa, bu gün Türkiyənin sənaye müəssisələri də müasir standartlara cavab verən yüksək keyfiyyətli məhsullar istehsal edirlər ki, bu məhsulların ixracatdakı payı ilbəil artır. Türkiyənin istehsal etdiyi məişət avadanlıqları hazırda dünyanın aparıcı brendlərinə ciddi rəqabət yaradır. Əczaçılıq, kənd təsərrüfatı kimi sahələr də hazırda Türkiyədə yüksək potensiala malikdir. Əlbəttə, bugünkü Türkiyənin düşmənə göz dağı yaradan əsas üstünlüklərindən biri də unikal xarici siyasət amilidir ki, bunun da nəticəsində qardaş ölkə hazırda dünyanın taleyinə təsir edə biləcək həlledici söz sahiblərindən biridir. Bütün bunlar Ərdoğanın yaratdığı Türkiyənin bugünkü mənzərəsidir. Ərdoğan kimi dünya miqyaslı qətiyyətli və ölkəsini inkişaf relsinə gətirmiş liderin qarşısında populist bəyanatları ilə tanınan Kılıçdaroğlu kimi siyasətçilərin siyasi uğur qazanması heç bir halda mümkün deyil. Altılı olmur, altmışlı masa olsun, Rəcəb Tayyib Ərdoğanın bu seçkidə də inamlı qələbə qazanacağına şübhəmiz yoxdur. Fakt həm də odur ki, Ərdoğan Türkiyəyə lazımdır!
Təsadüfi deyil ki, bu gün Türkiyə vətəndaşları niyə Ərdoğana səs verəcəklərini təxminən bu şəkildə ifadə edirlər: “Biz Ərdoğana oy verməklə öz övladlarımıza, hələ dünyaya gəlməmiş nəvələrimizə səs veririk, yəni Türkiyənin gələcəyinə səs veririk”.