“Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq konfrans keçirilb
TAİB-in Qadınlar Şurasının üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümmətova 6-7 mart 2023-cü il tarixində AMEA-nın Şərqşünaslıq İnstitutunda “Dəyişən dünyamızda qadın: Şərq və Qərb baxışı” mövzusunda keçirilən elmi praktik konfranın bir bölümünə rəhbərlik edib.
Qeyd edək ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans bu gün 7 bölmədə davam edib.
Bölmələrdə “Sələf və xələfləri kontekstində hürufi şeyx qadınlar”, “İsmayil Qaspıralı yaradıcılığında qadın mövzusu”, “Türk ədəbiyyatında ilk qadın roman müəllifi”, “Müasirlik: elm və qadın”, “Elm və təhsildə Azərbaycan qadınlarının rolu”, “Azərbaycanın ilk qadın oriyentalist alimi Aida İmanquliyeva”, “Azərbaycan qadınlarının teatr səhnəsində iştirakı məsələsinə dair (XIX əsrin sonu-XX əsrin əvvəlləri)”, “Azərbaycanın fədakar qadınları”, “Qadın Şərq və Qərb qovşağında”, “Ərəb Şərqində gender bərabərsizliyindən doğan problemlər” və s. mövzularda maraqlı məruzələr dinlənilib.
İki gün davam edən konfransda Azərbaycanla yanaşı, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alimin məruzəsi dinlənilib. Tədbir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Misir Ərəb Respublikasının Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyəti, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu, İraq Strateji Araşdırmalar Mərkəzi və Çin Xalq Respublikasının Hebey Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.