" />

TAİB-in Gənclər Təşkilatının üzvü Nəriman Sultanoğlu: “Xocalı şəhidlərinin qisası qiyamətə qalmadı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Gənclər Təşkilatının üzvü, Missiya.Az-ın redaktoru, hərbi jurnalist Nəriman Sultanoğlu: “Xocalı şəhidlərinin qisası qiyamətə qalmadı”

31 il öncə dünyanın gözü qarşısında soyqırımı törədildi. “Böyük Ermənistan” xəyalı ilə yaşayan silahlı terrorçular heç bir beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətləri törətdilər. Günahsız və həyatı hələ ki, dərk etməyə imkan tapmamış uşaqlara, qocalara, qadınlara, ümumiyyətlə mülki əhaliyə divan tutulması xalqımızın başına gətirilən müsibətlərdəndir.
Erməni terrorçuları tərəfindən 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndinin əhalisi kütləvi qırğına məruz qalıb. Xocalı soyqırımı dünya tarixinin insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrindəndir. 1992-ci il fevralın 26-da Xocalının yer üzündən silinib, yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsindən 31 il ötür. Düz 28 il Xocalı qurbanlarının xatirəsini Qarabağsız yad elədik. Artıq 3 ildir ki, Xocalı soyqırımının ildönümünü qalib xalq olaraq qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək işğalçıları doğma torpaqlarımızdan qovdu. Beləliklə də əzəli torpaqlarımızda erməni işğalına son qoyuldu, bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı.
Bununla bağlı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşlərinin birində çıxış edən zaman deyib: “Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa- olsun, biz torpaqlarımızı geri almalıyıq”.
Uşaq qatili olan Ermənistan dövlətindən və terrorçularından fərqli olaraq Azərbaycan dövləti və hərbçilərimiz döyüşlər zamanı hərbi obyektləri və silahlı işğalçıları məhv ediblər. Eyni zamanda Azərbaycan xalqının insani keyfiyyətləri və humanistliyi həm Vətən müharibəsində və həm də sonrakı döyüş əməliyyatlarında bir daha özünü göstərib. Belə ki, yaralı və cəsədlərini döyüş meydanında atıb qaçan ermənilərə humanistlik göstərilərək yaralı və cəsədlər təhvil verilib. Hətta yaralanmış erməni əsgərlərinə tibbi yardımın göstərilməsi Azərbaycan hərbçisinin döyüşkən ruhlu olmağı ilə bərabər insanpərvərliyindən də xəbər verir. Yəni erməni terrorçularından fərqli olaraq Azərbaycan hərbçisi mülki əhali ilə, ölü və yaralılarla vuruşmur. Bir sözlə, bu gün Xocalı qurbanlarının timsalında bütün şəhidlərimizin əziz xatirəsini dünyaya humanistlik dərsi keçən qalib Azərbaycan olaraq yad edirik.

Döyüş meydanında olduğu kimi siyasi arenada da Azərbaycanın üstünlüyü göz qabağındadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı faktlarla susdurması və erməni yalanlarını ifşa etməsi düşmən üzərində növbəti qələbəmizdir.
Bütün dünyanın diqqət mərkəzində olan mötəbər tədbirdə Prezident İlham Əliyev Azərbaycanın haqq işini bir daha bəyan edərək deyib: “Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar.”
Göründüyü kimi Azərbaycan Prezidentinin qətiyyəti və Silahlı Qüvvələrimizin rəşadəti ilə işğal altında olan torpaqlarımızın azad edilməsi, sülhə nail olunması üçün diplomatik səy göstərilməsi ölkəmizin gələcək rifahından, şəhidlərimizin və Xocalının günahsız qurbanlarının qanının yerdə qalmadığından xəbər verir. Cənab Prezidentimizin dediyi kimi artıq bu gün ermənilər bizə yalvarırlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR