MARAQLI MÜSAHİB

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yadımdadır, tələbə yoldaşlarımdan iki nəfərin adı eyni idi – Allahverdi. Birinin soyadı Qənbərov, birininki Əsgərovdu. Birinci Qarabağdan, Ağdam rayonundan, o biri Naxçıvandandı. İş elə gətirdi ki, ali məktəbi bitirəndən sonra onlarla heç
rastlaşmadıq, nə də əlaqə saxlaya bildik. Nəhayət, uzun ayrılıqdan sonra hələlik
telefonla olsa da əlaqə yarada bildik. Məlum oldu ki, Qənbərov Allahverdi vəfat
edib. Döyüşlərin birində şəhid olub, şəhidlik zirvəsinə ucalıb. Bu gülərüz, mehriban, cəsur tələbə yoldaşımız həyata vida eləyib. Haqqında ayrıca bir yazı yazacağam. Mətləbdən uzaq düşmək istəmirəm. Bəli, Allahverdi (yəni Əsgərov Allahverdi) ilə əlaqə yaratdıq. Bərabər ötənləri xatırladıq:
– Allahverdi, zənnimcə, sənin diplom işin maraqlı idi, daha çox Naxçı-
vanla bağlı idi.
– Bəli, elədir. Diplom mövzum belə idi: “Naxçıvan ərazisində maddi-mədəni
abidələrin öyrənilməsi”.
– Sən elə tələbəlik illərindən arxeologiyaya maraq göstərirdin. Səni teztez müəllimimiz Məmmədəli Hüseynovun yanında görmək olardı. Sonralar
professor Vəli Əliyevlə də səmimi münasibətlərin başlandı.
– Düz deyirsən. Mən Vəli müəllimlə də əlaqə saxlayırdım, arxeologiyaya marağım ötəri deyildi. Elə buna görə də 1986-cı ildə mövzu götürdüm. Mövzum belə
idi: “Naxçıvanda eneolit və tunc dövründə əmək alətlərinin öyrənilməsi”. Elmi rəhbərim Vəli müəllim oldu. Amma müxtəlif səbəblərdən bu işi işləyib başa çatdıra
bilmədim.
– Nə oldu? Arxeologiyaya marağın, sevgin yox oldu?!
– Yox, əksinə artdı.
Mən 1981-ci ildən Şərur diyarşünaslıq muzeyində elmi işçi işləməyə başladım. Daha sonra 1988-ci ildən 1994-cü ilədək bu muzeyin direktoru oldum. Təbii
ki, məni tarixi abidələr, qədim insan məskənləri özünə cəlb edirdi. Odur ki, sonrakı
fəaliyyətini Tarixi Abidələrin Mühafizə Cəmiyyətində davam etdirdim. Orada tarixi abidələrin nəzarətçisi kimi işləyirdim.
– Bu illər sənə nə verdi?
– Bu illər mənə özümə olan inamımı qüvvətləndirdi, məni axtarışlara cəlb etdi. Beləcə neçə-neçə elmi məqalə işlədim. Bir də gördüm ki, “Şərur abidələri” adlı
məqalələr toplum hazır olub. Mənim məqalələrim ancaq Şərurdakı yer-yurda, daha
doğrusu, abidələrə, insan məskənlərinə həsr olunub. “Zeyvə tapıntıları”, “Şərurun
tarixi memarlıq inciləri”, “Xələcdə qədim yaşayışın izləri”, “Qazma mağarası” və
digər məqalələrim bu qəbildəndir.
– Allahverdi, sən müəllim də işləmisənmi?
– Əlbəttə, 2001-ci ildən 2020-ci ilədək müəllim işləmişəm.
– Səhv etmirəmsə sənin dədə-babaların da buraya Qərbi Azərbaycandan
gəliblər, eləmi?
– Bəli, düz deyirsən. Bizim tayfanın adamlarından ancaq 2 nəfər buraya gəlib
çıxıb. Almazla Rəfi. Halbuki onlar 7 qardaş olub. Hüseyn, İsmayıl… O birilərin adları unudulub. Onlarla birlikdə qohumları, yəni İsayla Rəhim də gəliblər.
Bizim dədə-babalarımız əslən Dərələyəzin Artaraz kəndindən olublar. Bu
kəndin əhalisi alçaq ermənilər tərəfindən 1915-1920-ci illərdə mühasirə olunub,
əhalisi məhv edilib. Çox az adam bu faciədən yaxa qurtara bilib. Bizim Artavaz
kəndindən olanlar müxtəlif yerlərə səpələniblər… Dizə kəndində, Oğlanqalada,
Saatlı rayonunda, Tərtərin Dəmirçilər, Köçərli kəndlərində yaşayırlar. Maraqlıdır
ki, Artavaz kəndi haqqında heç bir məlumata rast gəlməmişəm. Amma axtarışdayam. İnanıram ki, bu kənd haqqında az-çox məlumat əldə edəcəyəm.
– Həyətində muzey yaratmısan. Bu, nə ilə bağlıdır?
– Bəli, həyətimdə 2020-ci ildən “Arxeoloji muzey” yaratmışam. Bu da mənim
arxeologiyaya olan maraq və həvəsimdən qaynaqlanıb. Muzeyin uzunluğu 21 metr,
eni bir neçə metrdir. Üstünü örtə bilsəm lap yaxşı olacaq. Muzeyin zəngin eksponatları var. Onları elə Şərurda rast gəldiyim yerlərdən toplamışam, hər biri haqqında yığcam qeydlər də etmişəm. Bildiyin kimi, indi təqaüdə çıxmışam.
– Maraqlı müsahibə alındı.
– Nə deyim, olandan-keçəndən, bir də gördüyüm işlərdən danışdım. Bəli, yaş
gəlib keçib, gördüyüm işlərdən də söz saldım…
Bu görüş məni də, tələbə yoldaşım Allahverdini də kövrəltdi. Bu, uzun ayrı-
lıqdan sonra səmimi görüşün sevinci və həyəcanındandı. Üstəlik, müsahibim maraqlı müsahibdi. Odur ki, bu görüşü olduğu kimi qələmə aldım.

Tacir Səmimi
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR