TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: “Azərbaycanın qardaşlıq yardımı Türkiyənin ən reytinqli televiziya kanallarının gündəmində”
TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: “Azərbaycanın qardaşlıq yardımı Türkiyənin ən reytinqli televiziya kanallarının gündəmində”
Fevralın 6-sı səhər saatlarında Türkiyənin cənub vilayətlərində baş verən dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə ilk yardım edən Azərbaycan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyəyə həm xilasetmə qrupları, həm də humanitar yardımlar göndərildi.
Dövlət başçısı ilə bərabər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da qardaş ölkəyə Heydər Əliyev fondunun dəstəyi ilə humanitar yardımların göndərilməsini təmin etdi. Hətta dövlətin göndərdiyi humanitar yardımlardan əlavə Azərbaycan xalqı da səfərbər olaraq qardaş ölkəyə humanitar yardım toplamaqla əsl qardaşlıq nümunəsi ortaya qoymuş oldu. Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün rayon və kəndlərindən insanlar xüsusi yaradılmış məntəqələrə geyim, qida, yataq və.s ləvazimatları ilə axın etməyə başladılar. Hətta bu yardım hazırda da davam etməkdədir.
Azərbaycanın qardaş ölkədəki dağıdıcı fəlakətlə əlaqədar olaraq göstərdiyi şücaət Türkiyə mediasında gündəm oldu. Demək olar ki, Türkiyənin bütün tv kanalları və radio verilişlərində Azərbaycan dövlətinin və xalqının göstərdiyi qardaşlıq nümunəsi günlərdir xəbərlərin əsas başlığına çevrilib. Azərbaycanın fəlakətdən sonra qardaş ölkənin yanında necə dayandığı və göstərdiyi canfəşanlıq, hətta Türkiyənin tanınmış youtuberləri və bloqerləri tərəfindən də videomaterial şəklində paylaşılaraq ölkəmizə öz təşəkkürlərini bildirdilər.
Hətta Azərbaycan vətəndaşı olan Sərvər Bəşirlinin özünün köhnə avtomobili ilə yardıma tələsməsi Türkiyənin ən reytinqli tv kanallarının gündəm mövzusu oldu. Bütün Türkiyə həmin fotodan danışdı.
Bu gün də Türkiyə KİV-ləri Azərbaycanın göstərdiyi dəstək və göndərdiyi yardımlar haqqında ağız dolusu danışırlar. Elə əsl qardaşlıq nümunəsi də budur. Qardaş dar günündə tanınar. Tükiyə KİV-lərində ölkəmiz haqqında xoş təssüratlar bizdə qürur hissi yaradır.