TAİB-in sədr müavini, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk: “Vikipediya” – virtual ensiklopediyadır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkün “Azərbaycan” qəzetinə açıqlaması

300-dən artıq dillə zənginləşən bu internet platformasından düzgün faydalanmaq lazımdır

Texnologiya inkişaf etdikcə dilimiz də yeni terminlərlə zənginləşir. Leksikonumuza daxil olan sözlər, eyni zamanda sürətlə məişətimizə inteqrasiya edib və həyati status qazanırlar. Bəlkə də inkişaf edən sürətli texnologiya zamanı qarşılayıb, bizlərdə özünə bir asılılıq yaradıb desək, fikrimizi daha düzgün ifadə etmiş olarıq.
İnkarolunmaz faktdır ki, artıq yeni texnologiyanın məhsulu olan “elektron məlumat bazası”, “vikipediya”  həyatımızın bir parçasına çevrilməklə hər gün ən çox üz tutduğumuz ünvanlardır. Artıq bunlarsız keçinmək də mümkün deyil. Sürətli informasiyaya sahib olmaq istəyən hər kəs mütləq bu qapını döyməlidir…

“Vikipediya”nın tarıxi

“Vikipediya”nın yaşı çox da böyük deyil. XXI əsrin “övladıdır”. Layihənin tarixi 1999-cu ilə aid olsa da, ilk dəfə 2001-ci il yanvarın 15-də Amerikada yaranıb. Müəllifi və təşkilatçısı Larri Senqer və layihəni maliyyələşdirən Bomis kampaniyasının icraçı direktoru Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gəlirlər. İngilis texniki termini olan “wiki”  sözü  havay dilində “tez” məlumat almaq mənasını bildirən ensiklopediya sözündən yaranıb. Cütlük  yeni layihələrini Nupediya adlandırırlar. Hesab edirdilər ki, bu layihə onlara tezliklə uğur gətirəcək. Lakin bunun əksi baş verir. Nupediya elə qurulmuşdu ki, daxil olan məqalələrin dəqiqliyi alim və mütəxəssislər tərəfindən dəqiq yoxlanılmalı idi. Yoxlanma prossesi ləng getdiyi, Nupediyaya məqalələrin daxil olunması prosesi gecikdiyi üçün layihə uğur qazanmır və onun bağlanması haqqında 2003-cü ilin sentyabr ayında qərar verilir. Nupediya ensiklopediyası bağlanarkən cəmi 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi… Az sonra “vikipediya”  yaranır.
Bəzi ekspertlər hesab edirlər ki, “Vikipediya” yalnız bilik mənbəyi deyil, həm də nəhəng sosial şəbəkədir. İddia olunur ki, “Vikipediya” dünyada yeni bir cəmiyyətin – viki-cəmiyyətin yaranmasına təkan vermişdir. Fəlsəfəsi və sosial münasibətləri digər cəmiyyətlərdən fərqli olan viki-cəmiyyət biliyini təmənnasız olaraq insanlarla bölməyə hazır olan cəmiyyətdir. “Viki”  azad cəmiyyətdir, heç kimə və heç bir quruma tabe deyil. Burada sosial durumundan, millətindən, təhsil səviyyəsindən, coğrafi məkanından asılı olmayaraq hər kəs eynidir.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytral nəzər nöqtəsinin qorunmasıdır. Yaranan yeni texnologiya, sürətli internet şəbəkələrinin meydana gəlməsi nəticəsində son illər dünyada “Vikipediya” xeyli  populyarlıq qazanıb. Hazırda dünyada “Vikipediya”nın 300-dən çox dil bölməsi fəaliyyət göstərir ki, bunlardan 50-dən çoxu aktivliyi ilə seçilir.
“Vikipediya”nın Azərbaycan dili bölməsi 2004-cü ildən fəaliyyətə başlayıb. Yarandığı gündən bəri internetdən aktiv istifadə edənlərin mənbə və məlumat bazası kimi özünü təsdiq edib.
Yüzlərlə könüllünün fəaliyyət göstərdiyi “Vikipediya”da məqalələrə “viki” icma tərəfindən seçilən idarəçilər nəzarət edirlər. Hazırda Azərbaycan dili bölməsində 187 mindən çox məqalə mövcuddur. Keyfiyyət göstəricisinə görə, ölkəmiz vikipediyadan istifadə edən dövlətlərin sırasında 49-cu yerdədir. Məqalələrin vikepediyaya yerləşdirilməsində  Azərbaycan “Vikipediya” istifadəçiləri qrupunun, “Qorqud” Vikipediya Metodik Klubunun ekspertlərinin, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının könüllülərinin müstəsna xidmətləri var.
“Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bizimlə söhbətində xüsusi olaraq vurğuladı  ki, “Vikipediya” sosial şəbəkə və hansısa sayt deyil. “Vikipediya”  virtual ensiklopediyadır. Bəzən cəmiyyətdə “vikipediya”nı hansısa sayt və sosial şəbəkə ilə qarışdırırlar. Amma bu, qətiyyən elə deyil. “Vikipediya”da yaradılan məqalələr çox ciddi  mənbələrə söykənir. Burada mənbəsiz məqalə etibarsız hesab edilir və dərhal vikipediyadan silinir. Etibarlı və akademik mənbələr “Vikipediya”da yaradılan məqalənin əsasını təşkil edir. Konkret olaraq deyə bilərik ki, “Vikipediya” akademik, elmi və populyar sayt, dəlillərlə zənginləşən internet platformasıdır.

“Vikipediya”da hər şəxs haqqında məqalə yaratmaq olmaz. Bu, “Vikipediya”nın qaydalarına ziddir. Qaydalar çərçivəsində məqalə yaradılmalı və zənginləşdirilməlidir. “Vikipediya”da haqqında məqalə olan şəxsin ensiklopedik olması mütləq şərtdir. Ensiklopedik olmadığı təqdirdə məqalə ya ümumi müzakirə yolu ilə, ya da birbaşa idarəçi tərəfindən silinir. “Vikipediya” biliklərin, elmi düşüncələrin zənginləşdirilməsi üçün gözəl bir virtual məkandır.
Elnur Eltürk hesab edir ki, “Vikipediya” təbliğat nöqteyi-nəzərindən də uğurlu layihədir. Bu gün “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanın mədəniyyəti, tarixi və ədəbiyyatı, eləcə də görkəmli şəxsiyyətləri haqqında çoxsaylı məqalələr yaradılır və zənginləşdirilir.  Xarici dil bölmələrində tərəfsiz, bitərəf mənbələrə daha çox diqqət edilir. Xarici nüfuzlu jurnal və saytlarda Azərbaycanla bağlı nə qədər çox məqalə çap edilirsə, bu, “Vikipediya”da yaradılan məqalələrin zənginləşməsinə kömək edir. Xarici ölkə alimlərinin respublikamızla bağlı obyektiv tədqiqatlarının dəstəklənməsi üçün ciddi addımlar atılmalıdır. Onların nüfuzlu nəşrlərdə məqalələrinin çap edilməsi “Vikipediya” könüllülərinə böyük dəstəkdir.

 

Bəzi ölkələr “Vikipediya”nı Milli Təhlükəsizlik məsələsi hesab edirlər

 

Digər həmsöhbətimiz AMEA-nın Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov qeyd etdi ki, bəzi ölkələr “Vikipediya”ya milli təhlükəsizlik məsələsi kimi baxırlar: “Bir zamanlar yaxın qonşularımız – İran və Rusiyada “Vikipediyan”nı fürsət kimi dəyərləndirdilər. Qardaş Türkiyədə isə “Vikipediya”nı bloklamışdılar. Göründüyü kimi, dünyada “Vikipediya”ya münasibət birmənalı olmamışdır. Lakin sonralar “Vikipediya”nı öz ölkələrində qadağan edənlər hiss etdilər  ki, bu fakt onların ölkələrinə xeyirdən çox ziyan gətirir. Həmin ölkələrin əleyhdarları onları öz əlləri ilə vururlar. “Vikipediya”da öz dillərində onların əvəzinə səhifələr açıb, əleyhinə işləyən kifayət qədər məlumatlar yerləşdirirlər. “Vikipediya” istifadəçiləri də həmin saxta məlumatlardan “bəhrələnmək” məcburiyyətində qalırdılar. Bu ölkələr tez bir zamanda qadağanı aradan qaldırıb, belə deyək ki, səhvlərini düzəldərək məsələyə daha ciddi yanaşdılar. Ölkələrində “Vikipediya” ilə məşğul olan “könüllü”lərdən ibarət olduqca peşəkar, səriştəli,  mobil qruplar yaradaraq tez bir zamanda yaranmış boşluğu aradan qaldıra bildilər”.
Ələddin Məlikovun fikrincə,  ölkəmizdə də “Vikipediya” ilə ciddi məşğul olmağın vaxtı çatıb. Bu, 44 günlük Vətən müharibəsi dövründə daha çox hiss olundu. Mənfur qonşularımız “Vikipediya”nın ərəb, ingilis, fransız seqmentlərində daha aktiv fəaliyyət göstərir, əleyhimizə erməni tarixçilərinin yazdıqları qondarma “faktlardan” istifadə edərək təbliğat aparır, hətta bəzi insanları öz yalanlarına inandıra da bilirdilər. Təbii ki, hər yerdə olduğu kimi bu murdar missiyanın təşkilatçıları yenə də dünyaya səpələnmiş erməni diaspor təşkilatları idi. Sözsüz ki, onların maddi toruna düşən bəzi vikimedia iştirakçıları da bu işdə onlara həvəslə yardım edirdilər: “Açıq etiraf edək ki, mənfur qonşularımız “Vikepediya”nın imkanlarından daha çox istifadə edirlər. Hesab edirəm ki, könüllülük əsasında olsa da, bu məsələyə ölkəmizdə ciddi yanaşılmalı, təcrübəli proqramçılar, kompüter mütəxəssisləri, tərcüməçilər, alimlər bu işə cəlb edilməlidirlər. Bu, zamanın tələbidir. Gec-tez buna gediləcək. Nə qədər tez olsa, bir o qədər ölkəmiz üçün də faydalı olar”.
“Vikipediya”nın unikallığı odur ki, istənilən məqaləni əsaslı mənbə ilə redaktə etmək mümkündür. Eyni zamanda qeyd edək ki, quql şirkəti ilə “Vikipediya”arasında bağlanan müqaviləyə əsasən, istifadəçilər hər hansı  məlumatı axtarırlarsa, birinci “Vikipediya”ya yerləşdirilmiş məlumat önə çıxır. Bu da o deməkdir ki, “Vikipediya”da yerləşdirilən məlumatlar daha operativ sürətdə öz oxucusuna təqdim olunur. “Vikipediya” bizə bu imkanı da yaradır. Bizə isə o qalır ki, bu imkanlardan maksimum dərəcədə səmərəli faydalanmaq.

Elşən QƏNİYEV,
“Azərbaycan qəzeti”

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR