" />

TAİB üzvü, tanınmış jurnalist Əli Zülfüqaroğlu: “Fəlakətdən yararlanmaq cəhdləri: şeytanla dostluq və hədəfə qoyulan dövlət”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) üzvü, tanınmış jurnalist Əli Zülfüqaroğlu: “Fəlakətdən yararlanmaq cəhdləri: şeytanla dostluq və hədəfə qoyulan dövlət”

Türkiyədə dəhşətli zəlzələ təbii ki, hamımızı sarsıtdı. Həyatını itirən, evi dağılan, yaralanan insanlarımızın durumu çox üzücü və sarsıdıcıdır. Nəinki Türkiyə dövləti və ya xalqı, bəzi marığa yatmış dövlətlər və millətlərdən başqa heç kim bunu istəməz və arzulamaz.

Bu fəlakətin süni və ya təbii yolla baş verməsi ilə bağlı alimlər arasında da fikir ayrılıqları var və hər iki fikirlə bağlı həm xarici, həm də yerli mütəxəssislər tərəfindən kifayət qədər arqumentlər səsləndirilir.

Biz bu məsələyə detallı toxunmaq istəmirik. Toxunmaq istədiyimiz məsələ daha ürəkağrıdıcı və eyni zamanda ürəkbulandırıcı mənzərədir.

Bu hadisədən siyasi çıxarlar naminə yararlanmaq cəhdləri bu fəlakətin baş verməsini arzulamaq qədər iyrənc görünür.

Türkiyə böyük və güclü dövlətdir və hazırda geosiyasi cəbhələşmədə balansa təsir edəcək miqyasdadır. Bu səbəbdən qütblərarası savaşda tərəflər Türkiyəni yanında görmək və bu dövlətdən öz maraqları naminə istifadə etmək istəyirlər. Amma Türkiyə müstəqil siyasət yürüdür və heç bir halda əvvəlki dönəmlərdəki kimi öz maraqlarından imtina edərək imperialist maraqlara xidmət etmir.

Dünya köklü geosiyasi dəyişim prosesinə qədəm qoyub. Yeni dünya düzənində söz sahibi və qlobal oyunçu olmaq üçün qətiyyətli, cəsarətli, bəzən də riskli siyasət yürütmək vacib şərtdir. Bu siyasəti yürüdə biləcək güclü xarakterə və öz həyatını belə riskə atacaq cəsarətə, gücə, və potensiala malik liderlərin fəaliyyəti həyati əhəmiyyət daşıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən böyük dövlətlərin başındakı liderlərdə olmayan xarakterə sahibdir. Mənə görə, böyük dövlətlərin başçıları arasında cəsarəti, şəxsiyyəti, zəkası, xarizması və nitqinə görə birinci sırada dayanır.

Türkiyənin milli maraqlarına zidd olan heç bir kənar təzyiqə boyun əymir, bütün platformalarda böyük dövlətlərin başçılarının belə dilə gətirə bilmədiyi, dövlətləri təhdid edən məsələlərlə bağlı açıq çıxışlar edir və Türkiyənin heç bir halda öz yolundan dönməyəcəyini bəyan edir.

Bu açıq savaşdır. Hazırda dövlətlər iqtisadiyyatı, ərazi bütövlüyü, milli valyutası, təbiəti, insanları, milli kimliyi, milli-mənəvi dəyərləri. inancları və s. resursları ilə birlikdə təhdid altındadır. Elə bir mərhələyə çatmışıq və elə bir dönəmdən keçirik ki, dünyada təhdid və risk altında olmayan dövlət yoxdur. Buna görə də, təhdidlərin aradan qaldırılması üçün xüsusilə şərq ölkələrində dövlətlərin başında olan liderlərdən çox şey asılıdır.

Bu gün bütün dünyada iqtisadi problemlər yaşanır, dollar və avro da başda olmaqla etibarlı valyuta yoxdur. Mütəxəssislərin proqnozuna görə, sürətlə gedən inflyasiya hiperinflyasiya səviyyəsinə çatacaq. Geosiyasi savaş həm də dövlətlərin içərisinə qədər belə uzanır. Kənar qüvvələrin daxildəki rıçarqları daha təhlükəlidir. Ona görə ki, onlar xalqı daha tez aldada bilirlər, çünki özümüzdəndirlər.

Bütün türk və islam dünyasının aparıcı ölkəsi Türkiyədir. Bunu Türkiyə xaricində dost və qardaş xalqlar daha yaxşı anlayır və Türkiyəyə hər cür dəstək verir, yaşanan problemin aradan qaldırılması üçün səfərbər olurlar.

Ərdoğanın ən böyük xidməti cəsarətli çıxışları ilə türk və islam dünyasını oyatması oldu. Qlobal soyğunçulara qarşı dirənən barmaqla sayılacaq liderlərdən biri kimi, hədəf taxtasında olduğunu özü bizim hamımızdan daha yaxşı bilir. “Bizi heç kim yolumuzdan döndərə bilməz, biz kəfənimizlə bu yola çıxdıq, kəfənimizlə yürüyürük”,- ifadəsi təsadüfən söylənilməyib. Rəhmətlik Muhsin Yazıcıoğlunun “Türkiyə və türk milləti heç bir zaman kürəsəl çetenin köləsi olmayacaq”,- ifadəsi və şəhid edilməsi yaxın keçmişimizdir. İndi bu mübarizəni Prezident Ərdoğan davam etdirir. Öz cəsarətli çıxışları ilə təkcə türk və islam dünyasında deyil, Avropada, Cənubi Amerikada, Afrikada, hətta ABŞ-ın özündə belə xalqların oyanmasına hesablanan addımlar atır.

Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə televiziyalarının birinə verdiyi müsahibəsində “mənim qardaşım dünya lideridir”,- ifadəsi gerçəklikdir.

Bu gün Türkiyə təkcə öz sərhədlərindən ibarət deyil. Azərbaycan başda olmaqla türk və islam dünyasında Türkiyə uğrunda savaşacaq milyonlarla insan var. Bu isə təsadüfən yaranmayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət nəticəsində ölkələrimiz tarixdə görülməmiş səviyyədə yaxındır.

Bu səbədən də Azərbaycan mediasında Türkiyə ilə bağlı yazıların, köşələrin tez-tez yer alması təbiidir. Çünki hamımız dünyada nəyin baş verdiyini və bir olmazsaq bizi nələrin gözlədiyini çox gözəl bilirik.

Türkiyəli jurnalist dostum İzzət Sarının qələmə aldığı yazıda vurğuldığı kimi tarixdən dərs almayacaq qədər kor və cahil olma dönəmi geridə qaldı. Türkiyə Avropada, Asiyada, Afrikada və dünyanın bir çox yerində güclü əlaqələrə malikdir. Bu ilk növbədə imperialist gücləri narahat edir. Afrikadan illik 520 milyard dollar müstəmləkə gəliri olan Fransa, yaxud ABŞ təbii ki, Türkiyənin siyasi, iqtisadi sərhədlərinin genişləndirilməsi siyasətini uğurla aparan Ərdoğanın hakimiyyətdə qalmasını istəməz. Türkiyədə Ərdoğanın hakimiyyətdən getməsi üçün hər şey edəcəklər, xaos yaratmağa çalışacaqlar.

Bu Türkiyənin xaricindən daha aydın görünür. Biz bunu çox gözəl görür və anlayırıq. Bizi qorxudan və ağrıdan bu deyil. Bizi ağrıdan yaşanan təbii fəlakətdən siyasi məqsədlər üçün çalışacaq qədər aşağı enən siyasətçilər və müxtəlif antimilli qrupların bu kritik dönəmdə birlik və bərabərlik çağırışı etməməsi, dövlətin yanında olmaması, əksinə dövlətə zərər verməyə çalışmasıdır. Ədoğanın hakimiyyətdən getməsi üçün şeytanla dostluğa razı olanlar kənardan çox mənfi obrazda və miskin görünürlər.

Bu gün ABŞ və Fransa donanmasının Aralıq dənizində olması və bunun zəlzələdən sonraya təsadüf etməsi sıradan bir hadisə deyil.

Zəlzələdən öncə “The Economist” dərgisinin üz qabığına Ərdoğanın fotosu yerləşdirilərək diktator kimi təqdim olunması, konsulların Türkiyəni tərk etməsi bəlli prosesə hesablanıb. Anlamalıyıq ki, hədəf Ərdoğan göstərilsə də əslində hədəf Türkiyə dövlətidir. Min illər boyu davam edən hücumlar indi də başqa formada davam etdirilir. Əvvəlki Türkiyə artıq yoxdur, indi güclü və Ərdoğanın timsalında sözünü deyən Türkiyə var. Vaxtilə Dəmirəl hökuməti zamanında NATO, ABŞ və Fransanın qorxusundan Qarabağda emənilərin soyqırımına məruz qoyduqları dinc əhalinin, azərbaycanlıların bölgədən təxliyə olunması üçün bir helikopter verə bilməyən və qardaşlarını ölümə tərk etmənin utancı ilə yaşayan ölkə var idisə, indi isə, Vətən Müharibəsi zamanı “üçüncü qüvvələr Azərbaycana müdaxilə edəcəklərsə Türkiyə misli ilə qarşılıq verəcək”,- deməyi bacaran və Fransanı yerində oturdan, Fransa prezidenti Makronu adam yerinə qoymayan, Ərdoğanın liderliyi ilə irəli gedən Türkiyə var.

Seçki, çevrilişə cəhd, iqtisadi hücumlar, sui-qəsdlər və digər faktorlarla Ərdoğanı devirib, Türkiyəni diz çökdürməyə çalışanlar heç bir zaman nəticə əldə edə bilmədilər. İndi isə təbii fəlakəti fürsətə çevirməyə çalışırlar. Türkiyədə böyük bir coğrafiyanı əhatə edən, tarixdə görülməmiş gücdə dəhşətli zəlzələ baş verib. Bir və bərabər olmaq, xaotik durumun qarşısını almaq və dövlətin yanında olmaq yerinə bundan yararlanmağa çalışanların olması çox acı mənzərədir. Bu, zəlzələdə həyatını itirən qardaşlarmızın qanı üzərindən yürüdülən və heç bir mənəviyyata, əxlaqi dəyərlərə sığmayan aşağı səviyyəli siyasətdir.

Bəli, bütün hökumətlərin qüsurları var, hər bir hökumətdə yarıtmaz məmurlar da var. Və bu bütün hökumətlər dönəmində olub, həmişə də olacaq. Amma hər bir xırda detalın günahını Prezidentin üzərinə yıxmaq və onu hədəfə çevirmək qərəzli və bəsit yanaşmadır.

Biz, Türkiyənin qardaşı Azərbaycan da başda olmaqla, dost ölkələrin də dəstəyi ilə tez bir zamanda problemi həll edəcəyinə əminik. Unutmayaq, tarix ən böyük müəllimdir. Türkiyəni heç bir zaman silah gücü ilə işğal edə bilməyiblər. Şeytani güclər Türkiyəni hər zaman içəridən qarışıdrmaqla buna nail olmağa çalışıblar. Amma bütün manipulyativ cəhdlərə rəğmən bu baş verməyəcək. Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Allah Türkiyə və Türk dünyasını qorusun!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR