Türkiyə mediası: Qardaş Azərbaycandan yardımlar davam edir
Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.
Agsaqqallar.com xəbər verir ki, nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi barədə xəbərlər yenə də əsas yer tutur.
Anadolu agentliyinin ingilis versiyasında köhnə avtomobilinə yüklədiyi yardımla qardaş Türkiyəyə köməyə tələsən Sərvər Bəşirlinin müsahibəsi yer alıb. O, müsahibəsində bu yardımla qardaşlıq vəzifəsini yerinə yetirməyə çalışdığını, imkan daxilində yardımları yığaraq toplama mərkəzlərinə çatdırmağa davam etdiklərini vurğulayıb. “İndiyədək köməyimizi davam etdiririk. Bu gün yığım mərkəzinə ərzaq məhsulları çatdırmışıq”, – deyə o qeyd edib.
Agentlik, eyni zamanda, “Azərbaycan Türkiyəyə 1000-dən çox çadır göndərib” sərlövhəli xəbər yayımlayıb. Yazıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatlarına istinad olunmaqla, Türkiyəyə göstərilən yardımlardan danışılır.
“star.com” saytında “Nazir Soylu ilə azərbaycanlı komandir arasında təsirli dialoq” başlığı ilə yayımlanan xəbərdə Azərbaycan axtarış-xilasetmə qruplarının Kahramanmaraşdakı çadırını ziyarət edən daxili işlər naziri Süleyman Soylu ilə azərbaycanlı komandirin dialoquna toxunulub. Bildirilib ki, bu söhbət həssas məqamlarla yadda qalıb.
“milliyet.com” saytında yerləşdirilən “Zəlzələdən sonra Türkiyənin danışdığı foto!” sərlövhəli informasiyada da əslən Laçın rayonundan olan Sərvər Bəşirlidən danışılır. Ermənistan tərəfindən Laçının işğalı zamanı rayondan çıxarkən qış soyuğunun nə olduğunu çox yaxşı bildiyini deyən Sərvər bildirir: “Qışın soyuğunda evsiz qalmağın, yaxınlarını itirməyin nə olduğunu çox yaxşı bilirik. Ən azından onların isinməsi üçün bu yardımı etdik. Laçından olan analar var idi, onlar da yardım apardığımızı eşidəndə gətirib bizə isti paltarlar verdilər. Yığılan əşyaların hamısını yardım toplama məntəqəsinə çatdırdıq”.
“sondakika.com”, “dogruhaber.com”, “aksam.com” və digər xəbər saytlarında yerləşdirilən xəbərlərdə Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanda başladılan “Qardaş yardımı” çərçivəsində paytaxt Bakıdan Türkiyəyə yük avtomobillərinin yola düşdüyü qeyd olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyinin məlumatlarına istinadla, Azərbaycandan qardaş ölkəyə göndərilən yardımlardan ətraflı bəhs edilib.