TAİB-in İdarə Heyətinin üzvü Karaçanta Murtaza: “Bu əbədi birlikdir, qan bağıdır və bu gün Azərbaycan bunu bir daha isbat etdi”
“Türkiyədə baş verən zəlzələ böyük tələfatlar verdi. Ağır faciədir. Bu ağrılı günündə, Türkiyənin sarsıldığı ilk dəqiqədə qolumuzdan bir əl tutdu. Bu Azərbaycanın əliydi, “bərabərik, acın acımdır”- deyən. Azərbaycanın prezidenti cənab İlham Əliyevin səsiydi o doğma səs”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türkiyə Çağdaş Azərbaycan Dərnəyinin rəhbəri Karaçanta Murtaza deyib.
O, bildirib ki, zəlzələ bölgəsində 700-dən çox xilasedicinin olması, həkim heyətinin gecə-gündüz yaralıları qurtarması, gələn yardımlar ümid işığını şölələdir, qürur verir. İlham Əliyevin timsalında qardaş doğmalığı, Mehriban xanım Əliyevanın timsalında ana şəfqəti, bacı məhəbbəti Azərbaycan xalqının mərhəmət coşğusuyla Türkiyəyə axır.
“Hər bir azərbaycanlı nəsə etmək istəyir. Görüntüləri izləyirik. Heç nəyi olmayan ən kasıb biri belə əynindəki gödəkçəni çıxarıb yardıma qoyur. Analar yorğan-döşəklərini, balacalar yataq örtüyünü, oyuncaqlarını gətirirlər. Bu izdiham, bu sevgi türk millətinin ürəyini riqqətə gətirir. Fəlakətə axıdan göz yaşımıza bir də bu görüntü duyğu qatır. Bütün Türkiyə adına sizlərə minnətdarıq. Bizim təşkilatımızın da aksiyaya qoşulmas, ofisdə keçirilən anım günü, yaradılan guşə, ağsaqqalların yardıma qoşulması Türkiyəyə sevginin bariz nümunələrindəndir”-deyən Karaçanta Murtaza bir daha Azərbaycan xalqına təşəkkürünü bildirib.