" />

TAİB GT-nin sədr müavini Daşqın Həsənov: “Avropalıları donmaqdan Azərbaycan qazı qoruyur – Bakı qitənin xilaskarıdır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB GT-nin sədr müavini Daşqın Həsənov: “Avropalıları donmaqdan Azərbaycan qazı qoruyur – Bakı qitənin xilaskarıdır”

44 günlük müharibə zamanı Azərbaycanın Ermənistan üzərində müzəffər qələbə qazanması ilə regionda yeni bir canlanma baş verdi. Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etdi. Azərbaycanın düşmən ölkə üzərində qələbə qazanması isə bir çox dünya güclərini narahat etməyə başladı. Bundan ən çox narahat olmağa başlayan ölkələr İran və Fransa oldu. Bildiyimiz kimi, İran 44 günlük müharibə zamanı öz ərazisindən Ermənistana silahların ötürülməsində tranzit rolunu oynayırdısa, Fransa da döyüşlərin davam etdiyi ərəfədə BMT-də Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxaraq, veto qoymaq istəyirdi. Bütün bunlar isə hər iki ölkənin Ermənistana qarşı olan sevgisindən irəli gəlirdi.

Vətən müharibəsindən sonra bölgədə tarazlığın dəyişməsi ilə yeni siyasi proseslər meydana çıxdı. Belə ki, dünyanın böyük gücləri əvvəlki illərdən fərqli olaraq, bölgəyə daha çox maraq göstərməyə və xarici siyasətdə Azərbaycana önəm verməyə başladılar. Azərbaycanın düşmən üzərində qələbə qazanmasından sonra üçtərəfli bəyanatın müddəalarına əsasən Zəngəzur dəhlizinin açılması da razılaşdırıldı. Hərçənd ki, erməni tərəfi müharibənin bitməsindən 2 ildən artıq bir müddət keçməsinə baxamayaraq, dəhlizlə bağlı öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bu yolun açılmasından sonra Azərbaycanın dünya miqyasında çəkisi əhəmiyyətli dərəcədə artacaq.

Bu gün Ukrayna-Rusiya müharibəsi ilə dünya sanki iki yerə parçalanıb. Bir tərəf Rusiyanın yanında yer alarkən, digər bir tərəf isə Ukraynanı dəstəkləyir. Həmin müharibənin başlanmasından sonra Qərb Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməyə başladı. Bu sanksiyaların içində Rusiya qazına qarşı embarqolar da yer alır. Rusiya isə buna cavab olaraq Avropa qitəsini qazı kəsməsi ilə hədələdi. Bütün bu yaşananların fonunda Rusiya qazına aternativ enerji mənbəyi axtaran Avropa Azərbaycan qazına maraq göstərməyə başladı.

Ötən ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizə səfər edərək Azərbaycan prezidenti İlham Əliyevlə qaz sazişi haqqında memorandum imzaladı. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi 8 milyard kubmetr qazın həcmi artırılaraq 12 milyard kubmetrə, növbəti illərdə isə bu rəqəmin 20 milyard kubmetrə çatdırılacağı razılaşdırıldı. Belə bir zamanda Avropanın Azərbaycan qazına diqqət göstərməsi ölkəmizin əhəmiyyətinin və dövlət başçısı İlham Əliyevin beynəlxalq arenalarda apardığı siyasətin nəticəsidir. Ötən ilin dekabr ayında İlham Əliyevin Buxarestə səfər etməsi ilə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalandı. Həmin saziş Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə , Azərbaycan və Avropa arasındakı növbəti enerji körpülərinin möhkəmlənməsinə mühüm töhfə verdi. Azərbaycan bununla Avropa qitəsinin mühüm bir hissəsinin enerji cəhətdən yaşayacağı çətinliyin öhdəsindən gəlmiş oldu.

Ölkəmizə qarşı artan diqqət və Azərbaycanın beynəlxalq arenalarda artan nüfuzu təbii ki, Ermənistanı narahat etməyə bilməzdi. Ermənistan dünyanın Azərbaycana qarşı artan maraqlarına qısqanclıqla yanaşaraq, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaq və cəfəng iddialar irəli sürməyə başladılar. Laçın dəhlizinin Rusiya sülhməramlıları tərəfindən bağlanmasından sonra Ermənistan xislətindən əl çəkməyərək, bunun səbəbkarı kimi Azərbaycanı göstərməyə çalışdı. Ancaq bu dəfə də onların bu cür uydurma yalanları baş tutmadı. Hətta Ermənistanın əsas havadarı olan Fransa Laçın yolunun bağlanması ilə ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi tamamilə ermənipərəst bəyanat hazırlayaraq, orada Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim etdi. Ancaq Fransanın Ermənistana “böyük bacı” mövqeyi sərgiləməyinə baxmayaraq, Rusiya, Böyük Britaniya, BƏƏ və Albaniya Parisin həmin bəyanatının əleyhinə çıxaraq Azərbaycanın yanında olduqlarını bildirdilər. Bu isə Azərbaycanın apardığı düzgün siyasət və uğurlu diplomatiyanın göstəricisi idi.

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasiminin keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxış etməsi Avropanın enerji baxımından Azərbaycana ehtiyac duyduğunun əyani göstəricisidir. Rumıniya Prezidenti Klaus Yohannisin “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir” deməsi də günümüzün reallığından xəbər verir. Bir sözlə Avropa qışın soyuğunda donmamaq üçün Azərbaycan yanacağına möhtacdır və Azərbaycan Avropa məkanı üçün xilaskardır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR