TAİB-in GT sədr müavini Daşqın Həsənov: “Terroru himayə edən İranın molla rejimi cinayətkar əməllərindən əl çəkmir”
TAİB-in GT sədr müavini Daşqın Həsənov: “Terroru himayə edən İranın molla rejimi cinayətkar əməllərindən əl çəkmir”
Tehrandakı Azərbaycan səfirliyinə qarşı silahlı hücum edən terrorçudan İran rejiminə bağlı media orqanlarının müsahibə alması, eyni zamanda İranın hüquq-mühafizə orqanlarının terrorçu Yasin Hüseynzadəni guya ki, psixi problemlərinin olması ilə əlaqədar ruhi xəstəxanaya yerləşdirməsi qanlı cinayətdə molla rejiminin əlinin olmasını sübut edir. Cinayət işinin istintaqını aparan Tehran Prokurorluğu hesab edir ki, Yasin Hüseynzadə şizofreniya da daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir. Məlumata görə, səfirlikdə terror aktı törədən cinayətkar azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanasında qalacaq və müxtəlif müayinələrdən keçəcək.
İnsidentin baş verdiyi gün İran rejimi terror hadisəsinin ailə-məişət münaqişəsi zəminində baş verdiyini açıqladı. Ancaq Tehran rejiminin bu cür uydurma bəyanat verməsi İranın həmin hadisəyə şəffaf qiymət verməməsini bir daha ortaya qoymuş oldu. Hətta əldə olunan faktlar da Tehran rejiminin saxta iddialarını tamamilə ifşa edib. Görünən odur ki, terrora dəstək verən İran rejimi həmin terrorçunu da himayə etməkdə maraqlıdır.
İranda baş verən hadisə dövlətimiz, cəmiyyətimiz və dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız tərəfindən, eyni zamanda beynəlxalq aləmdə sivil dövlətlər və təşkilatlar tərəfindən də şiddətlə qınanıb. Amma öz cinayətkar əməllərini ört-basdır etmək üçün vətəndaşlarını uşaqdan-böyüyə qətl edən molla rejiminin hələ ki, real və ədalətli addımlar atdığını görmürük.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etdi ki, Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hər hansı ciddi tədbir görməyib. Dövlət başçısının bu sözündən belə bir ehtimal ortaya çıxır ki, İranın hüquq-mühafizə orqanları həmin terror hadisənin araşdırılmasına laqeyid yanaşır. İran dövlətinin öz ölkəsindəki terror faciəsinə bu cür laqeyd münasibət göstərməsi molla rejiminin terroru himayə etdiyini açıq-aydın ortaya qoymuş olur.
Beynəlxalq aləmdə terrorçu rejim kimi tanınan İran rejimi dünyada terrora dəstək verən əsas ölkələrdən biri hesab edilir. Çünki, İran həm öz daxilində, həm də ayrı-ayrı ölkələrdə terror hadisələrinin törədilməsinə birbaşa dəstək verir. Molla rejimi bu gün dünyada terror təşkilatları siyahısa daxil edilən “SEPAH”, “Hizbullah”, “Həmas” birləşmələrinə və “Husi” qiyamçılarına milyardlarla dollar pul xərcələyir. Bu gün İrana tətbiq edilən ağır sanksiyalar ölkə iqtisadiyyatını darmadağın etməklə yanaşı vətəndaşların da səfalət içində yaşamasına gətirib çıxarıb.
Bir sözlə Tehran rejimi neft və qazdan gələn milyardları öz xalqına yox, terror təşkilatlarına xərcləməyi daha üstün tutur. Bütün bunlar göstərir ki, İran rejimini öz xalqının taleyi yox, özünün dəstəklədiyi terror təşkilatları maraqlandırır.