TAİB-in İdarə Heyətinin üzvü, sədr müavini Şərafət Şəfa: ” Qərbi Azərbaycana qayıdış gec-tez olmalı idi -Tarixi ədalətin bərpası”
“Zaman-zaman Azərbaycanımızın başına gələn müsibətlər türk tarixinin qanlı səhifələrinə çevrildi. Ermənilərin azərbaycanlılara, ümumən türk xalqına olan nifrəti terror, təcavüz və işğalla nəticələnib. Hələ də davam edir. Zəfərdən sonra Ermənistan, Fransa və İranın Azərbycana olan düşmən mövqeyi sonda İrandakı diplomatik korpusumuza olunan terror hücumu ilə də öz təsdiqini tapmış oldu”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in sədr müavini, yazıçı-publisist Şərafət Şəfa deyib. O, bildirib ki, təcavüzə məruz qalan insanlar öz etnik torpaqlarından, dədə-baba yurdlarından didərgin düşüblər. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da zaman-zaman bu taleyi yaşamalı olublar.
“Bizi öz qədim, doğma torpaqlarımızda dinc qoymayan ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini, 30 minə yaxın evlərini dağıdıb, ürəkləri soyumayıb yandırıblar. Günahsız qoca, uşaq və qadınları qətlə yetiriblər. 140 min insanı vəhşicəsinə qətlə yetirən, 750 mindən artıq azərbaycanlını öz dədə-baba yurdlarndan didərgin salan ermənilər havadarlarına güvənərək daha da vəhşiləşərək vandalzmin kulminasiyasına qalxdılar. 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilməyib, doğma yurd-yuvalarını tərk edib. Ermənilər bununla da dincəlməyib, azərbaycanlılara məxsus qəbiristanlıqları, tarix, mədəniyyət abidələrini, məscid, məktəb, xəstəxana və digər binaları yerlə yeksan ediblər. Bunda Sovet imperiyasının da “rolu” danılmazdı. Bütün bunlar bizim iradəmizi qıra bilmədi. Toparlandıq. Bizim olanlara sahib çıxdıq və çıxmağa da davam edirik. Qarabağ zəfərindən sonra növbə Qərbi Azərbaycana da gəldi. Möhtərəm prezidentimizin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ilk növbədə xalqın mənafeyinin təmin olunmasına istiqamətləndirilib.
Regionlarda və eləcə də, işğaldan azad edilmiş ərazilərimizdəki sosial-iqtisadi inkişaf, Dövlət Proqramının icrasının uğurundan xəbər verir. Xüsusən də, Qarabağ zonasında geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib. Böyük qayıdışa start verilib.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təsdiq edilməsi təkcə qərbi azərbaycanlıların deyil, ümumən dünya azərbaycanlılarının, eləcə də türk dünyasının böyük sevincinə səbəb oldu. Möhtərəm prezidentimizin dediyi kimi:” “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır”-deyə TAİB üzvü vurğulayıb.