ULU ÖNDƏRİN GƏNCLƏR SİYASƏTİ YENİ NƏSLƏ MAYAKDIR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh hər şeydən öncə vətənpərvərliklə tamamlanır. Bu, ruha sahib olmadan, milli mənliyə malik əsl insan olmaq mümkün deyildir. Ona görə də gənc nəslə milli ruh hava və su kimi lazımdır”– ümummilli lider Heydər Əliyevin bu sözləri nəinki o dövrün, hətta günümüzün gəncliyi üçün də həyat devizinə çevrilmişdir. Ulu öndərin hər il indiki Heydər Əliyev adına Sarayda SSRİ-nin müxtəlif respublikalarına göndərdiyi, Azərbaycanın müxtəlif təhsil ocaqlarına yüksək balla qəbul olmuş gənclərlə görüşlərində söylədiyi nitqlərində, etdiyi tövsiyyə və verdiyi məsləhətlərində də çatdırmaq istədiyi əsas fikir bu idi: dünyanın harasında olursan ol, azərbaycanlı olduğunu unutma! 1980-ci ilin yayında o görüşlərdən birində iştirak etmək mənə də nəsib olmuşdu…

Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin davamı olaraq bir cox fərman və sərəncamlar imzalamışdır. Qeyd etdiyimiz kimi, ulu öndərin əsas istəyi gənclərin milli və vətənpərvər ruhda tərbiyə alması idi. Təsadüfi deyil ki, o, nitqlərində bu məsələyə çox yer ayırırdı ׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Ulu öndər gənc nəslin düzgün, məqsədyönlü yetişdirilməsi üçün 1994-cü il iyul ayının 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Daha sonra gənclərin beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi yönündə müxtəlif tədbirlərlə yanaşı bir sıra dövlət proqramları hazırlandı.
1996-cı il yanvarın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı, dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. 1997-ci il fevralın 1-də gənclərin I forumunun ildönümü münasibətilə gənclərlə görüşən Heydər Əliyev fevralın 2-si tarixinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Qeyd etmək lazımdır ki, o vaxtdan Gənclər Günü nəinki keçmiş Sovetlər Birliyi məkanında, eləcə də Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.

1999-cu ildə Gənclərin II forumunda çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Artıq o vaxtdan uzun illər keçir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi olan atasının vəsiyyət və nəsihətlərini öz yolunda mayaka çevirən, əsasını qoyduğu dövlət gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məsələlərinə diqqətlə yanaşır. Bu məqsədlə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalamış, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” fərmanlar vermiş, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunların, “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramının həyata keçirilməsini təmin etmişdir. Gənclərə olan diqqətin, qayğının nəticəsidir ki, cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edilmişdir. Bu etibar və etimadın daha bir nümunəsi fəaliyyətini “ASAN xidmət” mərkəzlərində başlayan könüllülər hərəkatıdır. Prezidentin göstərişi ilə dövlət qurumlarında könüllülərdən ibarət qruplar yaradıldı. Cənab Prezident İlham Əliyev gəncliyimizə güvənərək deyir: “Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə – hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”.

Bildiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı, eyni zamanda bu qanunsuz istismar nəticəsində yaranan ekoloji və digər fəsadlarla əlaqədar əsas hissəsini gənclərin təşkil etdiyi Azərbaycan ekofəalları dinc aksiyaya başladılar. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində aksiya iştirakçılarına da münasibətini bildirdi: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər…”

Əminik ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən aldıqları bu yüksək qiymətdən daha da ruhlanan gəncliyimiz gələcəkdə də əsl vətənpərvər kimi ön cərgələrdə duracaq və özlərindən sonrakı nəslə layiqli nümunə olacaq.

Güllü Yoloğlu
tarix elmləri doktoru,
AMEA-nın Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun şöbə müdiri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR