Sovet əsgərlərinin dəyənəklə döyərək öldürdüyü ilk şəhidimiz – Mikayıl Babayev
1980-ci illərin sonunda sovet imperiyasına qarşı Azərbaycanda baş qaldırmış azadlıq hərəkatının əsas qüvvəsini gənclər təşkil edib. Belə gənclərdən biri də imperiya əsgərləri tərəfindən vəhşicəsinə döyülərək qətlə yetirilmiş Mikayıl Babayev olub. İctimai fəallığına, imperiyaya qarşı fikirlərinə görə ən çox təzyiqə məruz qalan gənclərdən olan Mikayıl Babayev 1962-ci il martın 4-də Şərur rayonu Vərməziyar kəndində dünyaya gəlib. Vərməziyar kənd orta məktəbi onun adını daşıyır.
Azadlıq sədası meydanları bürüməyə başlayanda Mikayıl da ön sıralarda idi. Açıq çıxışlarına və etirazların genişlənməsi üçün xüsusi fəallıq göstərdiyinə görə sovet orudusunun əsgərləri onu dəyənəklə amansızcasına döyərək qətlə yetiriblər.
Mikayıl Babayev 20 yanvar hadisələrindən 1 ay əvvəl – 1989-cu il, dekabrın 20-də şəhidlik zirvəsinə ucalıb.
O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyev xalq şairi Xəlil Rza ilə birlikdə ilk şəhidlərimizdən biri olan Mikayılın doğma kəndinə gedir və onun ailəsi ilə görüşür. Elə oradaca Heydər Əliyev göstəriş verir ki, kənd qəbristanlığında Mikayıl Babayevin adına türbə tikilsin.
Mikayıl Babyev şəhid olduğu gün bir aydan sonra Bakıda şəhidlər xiyabanının salınacağı heç kəsin ağlına gəlmirdi. Elə ona görə də Mikayılın nəşi doğma yurduna Şərurun Vərməziyar kəndinə yola salınır.
Mikayılın yoxluğu ailəsinin faciəsinə çevrilir. Anası Həcər xanım oğul dərdi ilə qovrularaq gözlərinin nurunu itirir. Ana oğlunun olmadığı dünyaya baxmaq istəmir, gözləri tutulur. Bir müddət sonra isə Mikayılın sevdiyi qız da intihar edir. Onlardan yalnız bir yadigar üzük qalır.
Onu da qeyd edək ki, Mikayıl Babayev Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun və kikboksinq üzrə dünya çempionu Xəyal Əhmədovun dayısıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!