20 Yanvar hadisələri Azərbaycanın müstəqillik yoluna işıq saldı
XX əsrdə ermənilərin xəyanəti ilə üz-üzə qalmağımız bizim acı tariximizdir. Təəssüf ki, mənfur qonşularımız öz çirkin və iyrənc planlarını həyata keçirtmək üçün hər cür oyunlara gediblər. Azərbaycanlıların öz dədə-baba torpaqları olan Qərbi Azərbaycandan çıxarılması hadisələri daha da alovlandırdı. Həm də ermənilər buna bir neçə il əvvəldən hazırlaşmışdılar. Buna etiraz olaraq, Bakı mitinqlərə başladı. Mitinqlər Milli-Azadlıq Hərəkatına çevrildi. Hərəkat Azərbaycanın müstəqilliyinə gedən yola çığır oldu.
Bu sözləri Publika.az-a açıqlamasında diaspor üzrə araşdırmaçı ekspert, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Elnur Eltürk söyləyib.
Araşdırmaçı ekspert açıqlamasına əlavə edib:
“Bütün bu hadisələr göstərirdi ki, SSRİ bir imperiya olaraq çökmək ərəfəsindədir. Hərəkatın önündə gedən ziyalılar Azərbaycanın müstəqil və suveren ölkə olaraq öz taleyini həll edəcəyini dərk edirdilər. SSRİ rəhbərliyi hər vəchlə hərəkatın qarşısını almağa çalışırdı. Nəticədə 1990-ci ilin 19 yanvarından 20-sinə keçən gecə dəhşətli 20 Yanvar faciəsini törətdilər. Amma imperiya bununla xalqımızın gözünü qorxudacağını düşünsə də, tam əksi baş verirdi. 20 yanvar faciəsi xalqımızın daha da birləşməsinə səbəb oldu”.
Elnur Eltürk qeyd edib ki, 20 Yanvar faciəsi müstəqilliyimizə gedən yola işıq saldı:
“İnformasiya blokadasına baxmayaraq, qısa müddətdə hadisələr dünya mediasına çıxdı. O zaman Ulu öndər Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini sərt tənqid etməsi böyük rezonans doğurdu. Ulu öndərin bəyanatı Qorbaçov və onun cəllad komandasını bərk narahat etmişdi. Bir il sonra Azərbaycan öz müstəqilliyini əldə etdi. Minlərlə şəhid versək də, müstəqilliyimiz süquta uğramadı. 32 ildir ki, müstəqil dövlətik. Dünya arenasında söz sahibinə çevrilmişik.
İtirdiyimiz torpaqları geri qaytarmışıq. Artıq Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Qərbi Azərbaycana qayıdış strategiyası bizim öz tarixi torpaqlarımıza gedəcəyimiz günü yaxınlaşdırır. İnanıram ki, 1988-ci ildə öz torpaqlarından qovulan həmvətənlərimiz mütləq evlərinə qayıdacaqlar. Çünki bu, bizim tarixi, mənəvi, hüquqi haqqımızdır”.
Ekspert 20 Yanvar faciəsi ilə bağlı vikipediyada da işlərin aktiv görüldüyünü nəzərə çatdırıb: “20 yanvar faciəsi haqqında vikipediyada məqalələr mövcuddur. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 20 yanvar şəhidləri ilə bağlı müxtəlif dillərdə məqalələr yaradıldı. Özüm birbaşa prosesin içində idim. Məqalələrdə hadisənin baş verməsi haqqında məlumatlar, şəhidlərin ad və soyadları, fotoları öz əksini tapıb. Məqalələr etibarlı istinadlarla zənginləşdirilib”.
Mehti Kamiloğlu