İstanbulda “Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına” kitabının təqdimatı keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir. Layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub. “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.
Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimatı olunub.
Bu barədə AZƏRTAC-a məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, media nümayəndələri və oxucular iştirak ediblər.
Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, görkəmli şair Sərhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı qələbədən, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının önəmindən bəhs edib.
Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, gələcəyə ünvanlanmış bu kimi nəşrlərin artacağına ümid etdiyini söyləyib.
Daha sonra tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən bəhs ediblər.
Sonda Şuşa şəhərində çəkilmiş fotoşəkillərdən ibarət sərgi nümayiş olunub və layihədə fəal iştirak edənlər mükafatlandırılıb.