TAİB-in İdarə Heyətinin üzvü, Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydili: “Biz türkmən xalqı da aksiyaya dəstək mesajımızı veririk”
TAİB-in İdarə Heyətinin üzvü, Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydili:
“Biz türkmən xalqı da aksiyaya dəstək mesajımızı veririk”
” Şuşa şəhəri yaxınlığında, Xankəndi yolundakı dinc aksiya Azərbaycan xalqının haqq tələbidi. O torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və sərvəti də ona aiddir. Ermənilər öz pis niyyətlərindən əl çəkmirlər və rus sülhməramlıları da onlara dəstək olurlar”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydili deyib.
O, bildirib ki, türkmən xalqı olaraq hər zaman ürəkləri Azərbaycanla bir vurub.
“Dinc aksiyada olan gənclər, qadınlar, ağsaqqallarla qürur duyduq. Türk xalqı hər zaman mətin olub. Bu soyuqda, bu çovğunda gecə-gündüz bilmədən “Ekoloji terrora son!” şüarı altında rus əsgərləri ilə üz-üzə şax duran, gözünü belə qırpmayan bu millətlə fəxr edirik. Biz uzaqda olsaq da sizinləyik, əzizlərim. Azərbaycan dövlət qurumları öz torpaqlarında qeydsiz, şərtsiz əməliyyat aparmalı, monitorinq keçirməlidirlər. Bu onların haqqıdır. Bu haqqı tapdayanlar anlamalıdırlar ki, bu da olacaq, Zəngəzur yolu da açılacaq! Aksiya iştirakçılarına uğurlar diləyir, sizinləyik dostlar, deyirik!”,- deyə TAİB üzvü vurğulayıb.