Türk dövlətləri arasında xarici ticarətdə ən yüksək saldoya görə Azərbaycan ikincidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın üçüncü sayını təqdim edib. Budəfəki statistik bülleten 2022-ci ilin yanvar-sentyabr ayları üzrə əsas iqtisadi göstəriciləri əhatələyir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Türk iqtisadi icmalı”nın üçüncü sayı iki bölmədən ibarətdir: Birinci bölmədə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə dair ümumi baxışı təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir olunub, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.
“Türk iqtisadi icmalı”nın üçüncü sayında ilk dəfə olaraq ölkələr siyahısına Macarıstan və Türkmənistan əlavə edilib. İcmalın üçüncü sayında macar dilində məlumatlar əlavə olunub və ümumilikdə buraxılış 8 dildə həyata keçirilib.
İcmalın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçilərə ümumi baxış statistikasında göstərilib ki, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard dollar təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin ilk doqquz ayında Türkiyə iqtisadiyyatı 3,9 faiz, Azərbaycan iqtisadiyyatı 5,6 faiz, Macarıstan iqtisadiyyatı 6,1 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,8 faiz, Qırğızıstan iqtisadiyyatı 7,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 2,8 faiz böyüyüb.
Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 104 milyard 739,1 milyon dollar olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 29 milyard 270.9 milyon dollar) və Azərbaycan (ticarət balansı 20 milyard 669,6 milyon dollar) malikdir.
İlin ilk doqquz ayı ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.
“Türk iqtisadi icmalı”nın üçüncü bölməsində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR