Tbilisidə Laçın-Xankəndi yolundakı azərbaycanlı ekoaktivistlərə dəstək aksiyası keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə “Stop Armenian ecocide” adlı aksiya keçirilib.
Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərində təbii sərvətlərin qanunsuz istismarına etiraz ediblər.
BMT-nin Tbilisi nümayəndəliyinin qarşısında keçirilən aksiyada iştirakçıları müraciət ünvanlayıblar.
Müraciətdə Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlərin keçirdiyi aksiyaya dəstək ifadə olunub.
“Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən etiraz aksiyasına dəstəyimizi bildiririk. Bu qanunsuz fəaliyyətlər regionda ekoloji gərginliyin yaranmasına səbəb olur. Buna etiraz etmək ətraf mühitin mühafizəsi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli və mənəvi vətənimiz Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə ekoloji vəziyyətin pisləşməsindən ciddi narahatıq.
İqlim dəyişikliyi və su ehtiyatlarının tükənməsi kimi ciddi beynəlxalq narahatlıq doğuran məsələlər fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkarın ardıcıl olaraq ətraf mühitə zərər vuran əməlləri etnik nifrətdən qaynaqlanır. Bu ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin qeyri-qanuni fəaliyyətə şərait yaratması və sistemli ekoloji terrorizmin qarşısını ala bilməməsi sülhməramlı qüvvələrin komandanlığının bir qrup cinayətkar oliqarxın təsiri altında olmasının göstəricisi hesab edirik”,- deyə bəyanatda bildirilib.
Aksiyada “Ətraf mühitin terroruna yox!”, “Ekoloji terrorizmə son!”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!” kimi şüarlar səsləndirilib.
Aksiya Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü və təşkilatçılığı ilə, Alyans Gənclər Mərkəzinin və “Tea House” gənclər evinin dəstəyi ilə baş tutub.