Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qardaş türk dövlətləri ilə əlaqələrə böyük önəm verir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin Parlamentinin Senat sədrinin müavini Askar Şakirov ilə görüşüb.
Agsaqqallar.com xəbər verir ki, Parlament Senatının sədr müavini Askar Şakirov Qazaxıstan Respublikası tərəfindən qardaş türk dövlətləri ilə əlaqələrə böyük önəm verildiyindən söz açıb. Askar Şakirov Türk dünyasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin bölgənin beynəlxalq aləmdə əhəmiyyətinin artırılmasında da mühüm rol oynadığını bildirib. Parlament Senatının sədr müavini hazırda türk dövlətləri arasındakı dialoqun gücləndirilməsinə töhfə verən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yaradılmasında Qazaxıstan tərəfindən göstərilən dəstəyi diqqətə çatdırıb. Askar Şakirov Fond tərəfindən aparılan genişmiqyaslı işləri təqdirəlayiq hesab etdiyini bildirərək, Qazaxıstanın zəngin tarixi və mədəni irsinin tanıdılmasında Fond ilə tərəfdaşlığın vacibliyini vurğulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın qurucu üzv ölkəsi Qazaxıstanda vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatları yüksək qiymətləndirib. Günay Əfəndiyeva təşkilat tərəfindən ümumtürk dəyərlərinin, o cümlədən Qazaxıstanın çoxəsrlik mədəniyyətinin öyrənilməsi, yaşadılması və dünya səviyyəsində təbliği ilə bağlı həyata keçirilən layihələrdən, təşkil olunan tədbirlərdən bəhs edib. Fondun prezidenti təşkilatın prioritet məqsədləri istiqamətində gələcək planlarını bölüşərək, həmçinin ölkə ilə münasibətlərin daha da genişləndirilməsi yönündə atılacaq addımlara da diqqət çəkib. Görüş zamanı Günay Əfəndiyeva Parlament Senatının sədr müavininə Fond tərəfindən Qazaxıstanın və bütövlükdə Türk dünyasının böyük şairi, ictimai xadim, bəstəkar Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş, İspaniyada çap edilmiş poçt markasını təqdim edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadilələri ilə davam edib.