TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevi təbrik edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin müdrik siyasəti sayəsində Azərbaycan türk dünyasında və beynəlxalq aləmdə aparıcı ölkə kimi tutduğu layiqli yerini davamlı olaraq inkişaf etdirməkdədir.
TÜRKSOY-un Daimi Şurasının qərarı ilə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bununla əlaqədar Zati-alinizin xüsusi Sərəncamı ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirəcəyimiz tədbirlərlə türk xalqları arasında birlik və həmrəyliyin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.