“Qazaxıstan türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır” – Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omurəliyevi qəbul edib.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tokayev bildirib ki, Qazaxıstan Təşkilatın təsisçilərindən biri kimi türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır və katibliyin işinə maksimum dəstək verəcək.
“Bu gün Türk xalqlarının əməkdaşlığının, o cümlədən birliyinin möhkəmləndirilməsi üçün unikal platforma kimi təşkilatın rolu və əhəmiyyəti xeyli artıb. Təşkilatla ticarət-iqtisadi, mədəni-humanitar əlaqələri genişləndirmək niyyəti dünyanın bir çox dövlətləri və beynəlxalq təşkilatları tərəfindən ifadə edilir”, – Qazaxıstan lideri vurğulayıb.
Tokayev qeyd edib ki, Təşkilatın Katibliyi qarşısında bu ilin oktyabrında Səmərqənddə keçirilən sammitdə qəbul edilmiş prioritetləri və təşəbbüsləri səmərəli həyata keçirmək vəzifəsi durur.
Xatırladaq ki, növbəti XX yubiley Türk Dövlətləri Təşkilatı sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək.
Daşqın Həsənov
Missiya.Az