TAİB-in Qadınlar Şurasının sədri Gullu Yoloğlu Fransada beynəlxalq forumda iştirak edib
Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu bu ilin 15 dekabr tarixində Beynəlxalq Türk Akademiyasının dəvətilə Parisdə UNESCO-nun Baş Qərargahında keçirilən “Dünya mədəniyyətində Türk sivilizasiyası: İltəriş Qutluq Xaqan kitabəsi” adlı beynəlxalq forumda iştirak edib.
Dünyanın tanınmış türkoloqlarının, Türk dövlətlərinin UNESCO-da daimi nümayəndələrinin, o cümlədən Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin, Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli səfiri Leyla xanım Abdullayevanın da qatıldığı (Osman Fikri Sertkaya (Türkiyə), Həsən Həsənov (Azərbaycan), Xenrik Yankovski (Polşa), Öcal Oğuz (Türkiyə), Güllü Yoloğlu (Azərbaycan), Nəpil Bazılxan (Qazaxıstan), Altanqerel Enxtur (Monqolustan), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay (Qazaxıstan), Ayrat Sitdikov (Tatarıstan), Demir Tuluş (Tıva), Birsel Karakoç (İsveç), Ramazan Korkmaz (Türkiyə) və başqaları) bu Forumda, Beynəlxalq Türk Akademiyasının yeni prezidenti Şahin Mustafayevin açılış nitqində dediyi kimi, 15 dekabr “Beynəlxalq Türk Dili Günü” çərçivəsində bir araya gəldilər. Onu da qeyd edək ki, hələ bu tarix və bu gün rəsmiləşdirilməsə də bütün lazımi sənədlər əlaqədar yerlərə göndərilmişdir. Niyə məhz 15 dekabr? Tanınmış danimarkalı alim Vilhelm Tomsen 15 dekabr 1893-cü ildə Kopenhagen Elmlər Akademiyasının bir toplantısında Orxon və Yenisey yazılarında istifadə olunan “runi”, qədim türk yazısı olaraq oxuya bildiyini elm aləminə bəyan etmişdir.
Rəsmilərin, elm adamlarının və Nomqonda çalışan arxeoloqların məlumat xarakterli qısa çıxışlarından sonra UNESCO-nun sərgi salonunda bu il Monqolustanın Nomqon ərazisində tapılan İltəriş Qutluq Xaqanın abidə kompleksini əks etdirən fotoşəkillər arxeoloq Nəpil Bazılxanın təqdimatı ilə nümayiş etdirildi.
Bildiyimiz kimi, Beynəlxalq Türk Akademiyasının Uluslararası Türk Akademisi – International Turkic Academy Monqolustanda həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Qutluq Xaqana aid olduğu düşünülən abidə kompleksi və daş kitabənin Türkiyədə, Azərbaycanda və digər ölkələrdə təqdimatı və fotosərgisi təşkil olunmuşdur. Daş kitabənin özəlliyi “Türk” adının türk tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır. Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra türk arxeoloqlar – Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır.
Abidənin kəşfi Türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu təsdiq edir.
Forumun UNESCO-nun Baş qərargahında keçirilməsi və UNESCO-nun rəsmi nümayəndəsinin (Jaco du Toit) də iştirakı xüsusi anlam daşıyır.
Forum iştirakçıları qazax ideoloqu, ictimai xadimi Mustafa Şokayın büstünü və xalqımızın unudulmaz dəyərli oğulları Əlimərdan bəy Topçubaşının və Ceyhun Hacıbəylinin xristian məzarlığında uyuyan qərib qəbirlərini ziyarət etdilər, gül dəstəsi qoydular.
Tədbirlərdə iştirak edən Güllü Yoloğlu xalqımız üçün, arxeologiya elmi üçün maraqlı olan bir məsələ ilə bağlı Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli səfiri Leyla xanım Abdullayevaya məlumat vermiş, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidovun 11 aprel 2022-ci ildə Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli sabiq səfiri Rəhman Mustafayevə ünvanladığı, lakin cavabsız qalan məktubunu və t.e.d. Güllü Yoloğlunun arayışını səfir xanıma təqdim etmişdir.
Məlumdur ki, 1889-1891-ci illərdə fransız Jan Jak dö Morqan öz dəstəsi ilə İran və Azərbaycan ərazisinə gəlmiş, Astaranın, Lerikin, Masallının ərazisində arxeoloji qazıntılar aparmış, buradakı tarixi abidələrlə yanaşı, qızıl və digər qiymətli əşyaları da Fransa muzeylərinə göndərmişdir. Hazırda Sen Jermen Milli Arxeologiya Muzeyinin fondundakı həmin arxeoloji materiallar “talış-erməni materialları” adı altında saxlanılır. Bu da təsadüf deyil Morqan özünü ermənilərin ən yaxın dostu və canıyananı kimi təqdim etmiş, bir sıra kitab və məqalələrlə türklərə qarşı yanlış ittihamlar irəli sürmüşdür. Güllü Yoloğlunun ətraflı arayışının da əlavə olunduğu, professor Abbas Seyidovun yazdığı məktubda sabiq səfirə həmin materialların Sen Jermen muzeyində Azərbaycan materialları kimi adlandırılması yönündə həssaslıq nümayiş etdirməsi xahiş olunurdu… Məsələnin həlli ilə bağlı cavab alınmadığına görə, Güllü Yoloğlu Parisdəki Forum zamanı məktubu və arayışı Leyla xanıma təqdim etmişdir. Problemə diqqət göstərən səfir xanım mütləq bu məsələ ilə məşğul olacağını bildirmişdir.
UNESCO-da keçirilən Forumda gələcəyə yönəlik bir çox məsələ müzakirə olunmuşdur.