Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı mühüm tarixi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Azərbaycan işğaldan azad etdiyi ərazilərinin sürətli bərpa və yenidənqurma işlərinə başlayaraq postmünaqişə dövründə xeyli işlər görmüşdür. 44 günlük Vətən müharibəsinin başa çatmasından keçən 2 il ərzində işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış üçün lazımi infrastrukturun qurulması, iqtisadi fəaliyyətin işə düşməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını təmin etmək istiqamətində böyük işlər görülüb. Həyata keçirilən nəhəng layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və iqtisadi aktivliyin təmin olunmasına xidmət edir. Bundan başqa, görülmüş bu əsaslı işlər həmin ərazilərin müasir və inkişaf etmiş bölgəyə çevrilməsi üçün güclü bünövrədir.
İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi ölkəmizin 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuş və uğurla həyata keçirilməkdədir. Bu Milli Prioritetlər əsasında tərtib olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol göstəricisidir.
Böyük Qayıdışa dair I Dövlət Proqramında Qlobal trendlər, Ərazilərin bərpası və yenidən qurulması üzrə mövcud vəziyyət, Hədəf göstəricilər, Dövlət proqramının məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələri, Hədəflərin monitorinqi və icrasının qiymətləndirilməsi, Tədbirlər planı və digər mühüm məsələlər yer almışdır.
Proqrama əsasən, işğaldan azad edilmiş ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi, nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və digər infrastrukturların yenidən qurulması, yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi, yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması, turizm sektorunun inkişafı bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün ən vacib hədəflər kimi müəyyən olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının geniş tətbiqi nəzərdə tutulur və artıq “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndinə sakinlər köçürülüb. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləri idi.
Bu gün əminliklə deyə bilərik ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası sakinlərin öz ata-baba yurdlarına qayıdışını daha da sürətləndirəcək və bu ərazilərimizdə vətəndaşlarımızın firavan həyatını təmin edəcəkdir.

Sevil Rəfiyeva

Nizami rayonu 272 saylı məktəbin direktor müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR