XİN rəhbəri: Azərbaycan dialoqa hər zaman açıqdır
Ermənistanda və digər ölkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirilir. Bizim üçün səfirlərlə görüşüb onlara ilkin mənbədən məlumat vermək vacib idi.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, Şuşa-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının əsas məqsədi qeyri-qanuni fəaliyyətin qarşısının alınmasıdır.
XİN rəhbəri qeyd edib ki, Laçın yolunun bağlanmasından söhbət belə gedə bilməz: “Dünən baş verən hadisələr bunu bir daha təsdiq etdi. Sosial mediada yayılan görüntülərdə də aydın olur ki, sülhməramlı kontingent həmin yoldan istifadə etdi, etirazçılar, həmçinin bizim yol polisinin nümayəndələri bunun üçün şərait yaratdılar. Eyni zamanda, bu insanlar sosial mediadan istifadə edərək bu ərazidə yaşayan insanlara müraciət etmiş, öz kontaktlarını paylaşmışdılar. Həm bu insanlar, həm də XİN humanitar yardım göstərməyə hazır olduqlarını bəyan edib. Bir sıra açıqlamalarda Azərbaycana dialoqla bağlı çağırışlar edilib. Biz də faktlarla göstərdik ki, Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub, dialoqu irəli aparan tərəf Azərbaycan olub. Son iki ay ərzində Azərbaycanın bu məsələ ilə bağlı çoxsaylı müraciətlər etməsi, dekabrın 3-də görüşün keçirilməsi, dekabrın 5-də müvafiq orqanlar tərəfindən yol xəritəsinin hazırlanaraq təqdim olunması, ayın 10-da monitorinqin keçirilməsinə dair razılığın əldə edilməsi Azərbaycan tərəfinin dialoqa açıq olmasını, bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasını dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın dəhlizinə alternativ yolun çəkilməsi prosesində orada yerli erməni əhali ilə ünsiyyətlər də oldu, onların bir sıra xahişləri nəzərə alınmışdı. Sərsəng su anbarı ilə bağlı müzakirələrdə də eyni hal baş vermişdi. Hesab edirik ki, bunun mənfi nəticələri olmamışdı”.
Ceyhun Bayramov Azərbaycanın istənilən formatda görüşlərin keçirilməsini dəstəklədiyini söyləyib: “Böyük naliyyət olmasa belə, görüş çərçivəsində danışıqlarda bir sıra məsələlər barədə açıq dialoqu müsbət hesab edirik. Qarşı tərəfin də buna eyni məsuliyyətlə yanaşması və götürülən öhdəliklərin yerinə yetirilməsi yaxşı olardı. Qarşı tərəfdən rasional və xoşniyyətli yanaşma olsa idi, iki il ərzində əldə etdiyimiz proqres daha əhəmiyyətli olardı”.