“İctimai müqavimət Dövlətimizin daha bir güclü tərəfidir” – Ramin Əhmədov
“Xankəndi-Laçın yolunda QHT-lərin keçirdiyi aksiya bütövlüyümüz və həmrəyliyimizin göstəricisidir”
“150-yə yaxın QHT nümayəndəsi və könüllülərin Xankəndi-Laçın yolunda rus sülhməramlılarının postu qarşısında təşkil etdiyi aksiya Azərbaycan ictimaiyyətinin ərazilərimizdəki təbii sərvətlərin talanmasına etirazıdır”.
Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Azərbaycan vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin “Ekoloji terrora son” şüarı ilə Xankəndi-Laçın yolunda keçirdiyi aksiya ilə bağlı özünün Facebook səhifəsindəki paylaşımında qeyd edib.
Ramin Əhmədov hesab edir ki, bu aksiya həm də rus sülhməramlılarının erməni maraqlarına xidmət edən davranışlarına Azərbaycan ictimaiyyətinin adekvat reaksiyasıdır: “Bu aksiya onu göstərir ki, Azərbaycan dövləti öz Ordusu, iqtisadi imkanları və Prezidentinin qətiyyəti ilə yanaşı, ərazi bütövlüyümüzə və ekoloji təhlükəsizliyimizə yaranan təhdidlərə qarşı İCTİMAİ MÜQAVİMƏTİ ilə də güclüdür. Qoy bütün dünya görsün ki, bizim BÜTÖVLÜYÜMÜZ də HƏMRƏYLİYİMİZ də yerindədir”.