Hərbi Qənimətlər Parkı erməni hərbi cinayətlərinin əyani sübutudur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür, Azərbaycan xalqının iradəsinin şahidi olur. Hər kəs görür ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Hələ müharibədən bir müddət əvvəl Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi gəldilər. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu gün də düşmənin hərbi texnikasının müəyyən bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu Parkın yaradılması həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Artıq bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var. Bu raketin qalıqları bizim necə bir azğın, vəhşiləşmiş düşmənlə döyüşdüyümüzün ən bariz sübutlarından biridir. Möhtərəm Prezidentimizin dediyi kimi, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur. Lakin onlar məqsədlərinə nail ola bilmədilər. Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı düşməndən geri aldığı kimi, onu qorumağı da bilir. Buna görə də Hərbi Qənimətlər Parkı həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır.

Əminə Kərimova

Nizami rayonu 229 saylı məktəbin direktor müavini, şəhid ailəsi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR