TAİB nümayəndələri Ankarada Moldovanın Qaqauz türkü olan səfiri ilə görüşüblər – Fotolar
Ankarada səfərdə olan TAİB nümayəndə heyəti Moldovanın Türkiyədəki səfiri, Qaqauz türkü olan Dmitri Kroitorla görüşüb.
Qonaqları səmimiyyətlə qarşılayan səfir Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərini Moldova səfirliyində görməkdən məmnun olduğunu bildirib.
Dmitri Kroitor Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı qələbədən söz açaraq bu tarixi nailiyyətin dünyadakı bütün türklərə qürur hissi yaşatdığını vurğulayıb.
Səfir həmçinin TAİB-in Türk Dünyası üzrə həmsədri Hulusi Kılıçın Türkiyənin Moldovadakı səfiri kimi fəaliyyət göstərdiyi dönəmləri xatırladaraq, Hulusi Kılıçın Qaqauz türklərinə göstərdiyi diqqətdən danışıb və onun Qaqauz elində xüsusi ehtiram qazandığını bildirib.
TAİB sədri Sudeif İmamverdiyev səmimi qarşılanmaya və xoş münasibətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi ictimai birliyin məqsəd və məramlarından, eləcə də həyata keçirilən layihələrdən söz açıb. TAİB nümayəndələrinin Qaqauz elinə də səfər etdiyini bildirən Sudeyif İmamverdiyev orada keçirilmiş görüşlərdən və mövcud əlaqələrdən də geniş şəkildə bəhs edib.
TAİB-in Türk dünyası üzrə həmsədri Hulusi Kılıç səfir Dmitri Kroitorla dostluq münasibətlərindən söz açaraq gələn il TAİB-in Türkiyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunacaq beynəlxalq konfrans keçirəcəyinə dair ətraflı məlumat verib.
Nümayəndə heyətinin tərkibində olan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu öz növbəsində Moldova ilə bağlı xatirələrini bölüşərək türk dünyası üçün aktual olan məsələlərdən söhbət açıb.
Görüşdə iştirak edən TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk də isti qarşılanmaya və təsirli anlarla yadda qalan səmimi söhbətə görə səfir Dmitri Kroitora təşəkkür ediblər.