“Zəngəzur dəhlizinin reallaşması Ağrı vilayətinin əhəmiyyətini artıracaq” – Ərdoğan
Türkiyənin bu ilin üçüncü rübündə ÜDM artımı ölkənin düzgün inkişaf yolunda olduğunu sübut edir.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ağrı vilayətində Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılış mərasiminin iştirakçıları qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı diqqəti son onilliklərin nailiyyətlərinə yönəldərək, sənaye və ticarətin artıq ölkənin ayrı-ayrı bölgələrində cəmləndiyini, Türkiyənin 81 vilayətinin hər birində inkişaf etdiyini bildirib.
“Bu gün hər bir vilayətdən məhsul ixracı qurulub ki, bu da Türkiyənin bütün bölgələrinin inkişafını təsdiqləyir”, – deyə Ərdoğan vurğulayıb.
Ərdoğan daha sonra qeyd edib ki, Türkiyə daxilində terror təhlükəsi minimuma endirilib və bu, həm də Şərqi Anadolunun, o cümlədən Ağrı vilayətinin inkişafında amildir.
“Biz müasir dövrün tələblərini nəzərə alaraq tarixi İpək Yolunu bərpa etmək əzmindəyik. Birbaşa Şərqi Anadolunun Ağrı vilayətindən keçməklə Türkiyəni Qafqaz ölkələri ilə, oradan da Orta Asiyaya, Çinə qədər birləşdirən marşrutlar var. Zəngəzur dəhlizinin reallaşması sayəsində Ağrı vilayətinin əhəmiyyəti artacaq”, – deyə siyasətçi bildirib.
Ərdoğan daha sonra çıxışına bu sözlərlə davam edib: “Uzunluğu 70 km olan yeni marşrut ölkə əhəmiyyətli nəqliyyat arteriyası statusuna malikdir və tarixi İpək Yolunun daha bir seqmentidir. Yeni marşrutla bağlı Ağrı-Patnos marşrutu bir saatdan 35 dəqiqəyə qədər qısalacaq. Yeni yol ölkəyə ildə 70 milyon lirə – vaxt hesabına, 41 milyon lirə isə yanacağa qənaət etməyə imkan verəcək, həmçinin atmosferə 8,5 min ton zərərli maddənin atılmasının qarşısını alacaq”.
Daşqın Həsnov
Missiya.Az