TAİB-in Türk ölkələrində nümayəndəlikləri yaradılır – İdarə Heyəti qərar verdi
TAİB-in Türk ölkələrində nümayəndəlikləri yaradılır – İdarə Heyəti qərar verdi
TAİB həmsədri Hulusi Kılıç təşkilatın səlahiyyətli şəxsi kimi prosesə rəhbərlik edəcək – ilk ofis Ankarada açılacaq
Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin növbəti iclası keçirilib. TAİB sədri Sudeyif İmamverdiyev və təşkilatın Türkiyə və Türk Dünyası üzrə həmsədri Hulusi Kılıçın da iştirak etdiyi iclasda təşkilatın qarşıdakı mərhələdə həyata keçirəcəyi layihələrlə bağlı müzakirələr aparılıb. TAİB sədri Sudeyif İmamverdiyev öz çıxışında qeyd edib ki, bu gün Türk dünyası ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında əlaqələr daha da genişləndirilməli və bu istiqamətdə zəruri addımlar atılmalıdır. Akademik bildirib ki, TAİB bundan sonra fəaliyyətini daha da şaxələndirməli və təşkilatın Türk ölkələrində yerli nümayəndəliklərinin açılması istiqamətində addımlar atılmalıdır.
TAİB-in həmsədri Hulusi Kılıç da öz növbəsində qeyri-hökumət təşkilatlarının mövcud potensialından söhbət açıb və qeyd edib ki, TAİB sözügedən prosesdə fəal iştirak edir və ümumən Türk xalqları arasında inteqrasiyanın sürətləndirilməsinə nəzərəçarpan töhfələr verir.
İdarə Heyətinin digər üzvləri də TAİB-in Türk ölkələrində nümayəndəliklərinin açılmasının əhəmiyyətindən danışıb və istiqamətdə hazırlıq işlərinin başlanılmasının zəruri olduğunu bildiriblər.
Müzakirələrin nəticəsi olaraq Türk Ağsaqqalları Birliyi – TAİB-in ilkin mərhələdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edilib. İdarə Heyəti üzvlərinin ümumi rəyi ilə ilk nümayəndəliyin Türkiyənin paytaxtı Ankarada açılması da qərarlaşdırılıb.
İclasda Türk ölkələrində TAİB nümayəndəliklərinin yaradılması məqsədilə hüquqi müstəvidə gərəkli sənədləşmə və prosesin ölkələrin qanunvericilik tələbinə uyğunlaşdırılması xüsusunda səlahiyyətli şəxsin müəyyənləşdirilməsi məsələsinə da baxılıb. İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə bu vəzifə TAİB-in Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıça həvalə olunub. Təşkilatın İcra Aparatına tapşırılıb ki, qəbul olunmuş qərarlardan irəli gələn məsələlər operativ qaydada həll olunsun.