Laçın Hava limanı bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək
Laçın Hava limanı bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək
Laçın rayonunun işğaldan azad olmasından 2 il keçir. Böyük zəfərin təntənəsi olaraq artıq qələbədən ötən bu müddət ərzində rayonda böyük quruculuq işləri həyata keçirilir. Həyata keçirilən ən böyük infrastruktur layihələrdən biri də Laçın Hava Limanının tikintisidir. Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.
Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Laçında beynəlxalq hava limanının inşası regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biridir. Hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına kömək edəcək, eyni zamanda logistik mərkəzlərin yaradılmasına da töhfə verəcəkdir.
Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi ölkəmizdə həm texniki, həm maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü siyasi iradənin olduğunu sübut edir.
Hazırda işğaldan sonra yeni dövrünü yaşayan Laçın rayonu cənab Prezidentimizin iradəsi və şəxsi nəzarəti sayəsində tezliklə Azərbaycanın dilbər guşələrindən birinə çevriləcəkdir. O gün heç də çox da uzaqda deyildir.
Valeh Əmrahov
Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi