TAİB-in Qadınlar Şurasının yaradılması dövrün, zamanın tələbidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bildiyimiz kimi, qadın istər cəmiyyətdə, istərsə də ailədə aparıcı və hərəkətverici qüvvədir. Bu güc çox vaxt pərdə arxasında qalsa da, onun tarixi təsiri heç vaxt inkar edilməyib. Xüsusilə də türk qadınının istər ağlı, istərsə də ailəsinə bağlılığı, övladlarına sevgisi, həyat yoldaşına sadiqliyi, at minməyi, qılınc oynatması hər zaman dillərə dastan olub. Belə bir qadın tək bir ailə çərçivəsində deyil, ulus, el, oba, cəmiyyət səviyyəsində də öz imkanlarını reallaşdırmaq iqtidarında idi. Onun ağlı ilə hesablaşar, sözünü uca tutar, məsləhətlərini dinləyərdilər.

 

Zaman ötür, dövr dəyişir. Artıq at belində qılınc çalan deyil, ağlı, zəkası ilə daim həyat yoldaşına dəstək olan, onu daxili və xarici düşmənlərdən qoruya bilən, xeyirxah əməlləri ilə xalq arasında sevilən, hörmət olunan qadın siyasətçilər önə çıxır. Bu yöndən Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ölkəmizin sosial, humanitar və iqtisadi siyasətindəki rolunu xüsusi vurğulamaq lazımdır.
Sistemli idarəetmə təcrübəsinə malik bir qadın olan Mehriban xanımın II Qarabağ müharibəsindəki parlaq qələbəmizdə rolu danılmazdır. O ağır müharibə günlərində Ali Baş Komandanın yuxusuz gecələrini də, xarici və daxili hücumlara qarşı mübarizədə keçirdiyi gərgin günlərini də Mehriban xanım onunla bərabər yaşadı…
Bu gün Mehriban xanım, sözün əsl mənasında, Azərbaycan qadınlarına nümunədir. TAİB-in Qadınlar Şurası olaraq biz də ölkəmizin, eləcə də Türk Dünyasının müxtəlif sahələrində fəal içritak edərək xalqımıza, Prezidentimizə, Birinci Vitse-Prezidentimizə dəstək vermək istəyirik. TAİB-in Qadınlar Şurasında Azərbaycanın müxtəlif sahələrdə tanınan xanımlar təmsil olunurlar. Təbii ki, hər birimiz bu Vətənin övladı olaraq respublikamıza qarşı atılan hər bir addıma öz münasibətimizi bildiriririk. Sülh müqaviləsinin bağlanmasına bir addım qalmış İranın və Fransanın sönməkdə olan atəşi yenidən alovlandırmaları, kənardan bol-bol vədlər vermələri erməniləri yenidən ümidləndirdi. Onlar anlamırlar ki, xalq Paşinyanı yeni müharibə üçün seçmədi… R.Köçəryanın məğlubiyyətdən çox hakimiyyət hərisliyi Ermənistanı həm istisadi, həm sosial, həm də siyasi yöndən daha dərin uçuruma sürükləyir. Xalq nə qədər tez ayılsa, bir o qədər tez ziyanın yarısından qayıda bilər. Onlar dərk etməlidirlər ki, artıq havadarlarının başı olum, ölüm savaşına qarışıb. Vaxtilə Ukraynanı parçalayaraq “müstəqillik” istəyən, qonşuya arxalanan qondarma Donetsk və Luqanskın əhalisi indi can hayındadır, necə deyərlər “qonşuya arxayın olan gecə şamsız yatar”… Belə bir vaxtda ağıllı dövlət başçısı ölkəsinin qonşularla ancaq və ancaq sülh, əmin-amanlıq şəraitində yaşamasına çalışmalıdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündən sonra İran İslam Respublikasına getməsi, son zamanlar Azərbaycana, ümumiyyətlə bölgədə sülhün bərqərar olması üçün atılan addımlara qarşı çıxan, məscidlərdə donuz saxlayan, müsəlman abidələrini məhv edən bir dövlətin baş nazirini özünə xas hörmətlə qarşılayan İranın İslam həmrəyliyi ilə heç bir əlaqəsinin olmadığı göz önündədir.
Qonşu və məzhəbdaş İran İslam dövlətindən fərqli olaraq ərəb ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəklərini mütəmadi olaraq ifadə edib və bu işə bacardıqları töhfəni veriblər.
Cənubi Qafqazda sülhün bərqərar olmasına, Zəngəzur dəhlizinin açılmasına və digər proseslərə əngəl törədən İran bu gün ərəb dünyası üçün də ən böyük problem yaradan ölkələrdən biridır. Ərəb ölkələrində məzhəb bölücülüyü ilə məşğul olan İran İslam Respublikasının bu dağıdıcı fəaliyyətindən Suriya, Livan, Yəmən və digər dövlətlərin daxili sabitliyi pozulur. İran həm də Birləşmiş Ərəb Əmirliklərinin ərazisi hesab edilən Əbumusa, Böyük və Kiçik Tunb adalarını işğal altında saxlayır.
Ermənistanı dəstəkləyən, sönməkdə olan alovu körükləyən Fransa da ərəb ölkələrinə problem yaradır. İnsan haqlarından, xalqların öz müqəddəratını özlərinin həll etməli olduqlarını vurğulayan, başqalarına ağıl verərək daim daxili işlərinə burnunu soxan bu ölkə 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairdə çoxsaylı qətliamlar törədib. Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır, eynən himayədarlıq etdiyi Ermənistan kimi beynəlxalq qətnamələrə məhəl qoymur, BMT-nin Qəmər adalarının Mayot üzərində suverenliyini tanıyan qətnaməsini qəbul etmir.
İlk dəfə Əlcəzairə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı, 1,5 milyon əlcəzairlinin ölümünü xüsusi vurğulamış, Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini qeyd etmişdir.
Rusiya ilə İranın dostluğu məsələsinə gəlincə… Təkcə bir faktı qeyd etmək yetər ki, müsəlman və xristian olan bu iki dövlətin münasibətlərinin kökünü aydınlaşdıraq: 1735-ci ildə Gəncədə Nadir şah hökuməti ilə Rusiya arasında keçirilən növbəti görüş zamanı iki ölkə arasında “əbədi dostluq” haqqında sülh sazişi imzalanmışdır. Əbədi dostluq… Bunu hər zaman nəzərə almalı və ehtiyatımızı əldən verməməliyik…
TAİB-in Qadınlar Şurası olaraq yaxın günlərdə konfrans planlaşdırırıq. Əsas məqsədimiz TAİB-in Türk dünyası ilə bağlı fəaliyyətinə dəstək olmaq, bununla həm də Türk Dövlətləri Təşkilatının işinə öz töhvəmizi verməkdir. Türk xalqlarının fəal qadınları ilə əməkdaşlıq, birgə müxtəlif tədbirlərin keçirilməsi, iqtisadi, siyasi, mədəni həyatında TAİB-in digər üzvləri ilə çiyin-çiyinə iştirak etmək də məqsədlərimiz sırasındadır. Təbii ki, bu işdə bizə medianın dəstəyi vacibdir. Bu yöndə elə fəal xanımlarımızdan olan Şərafət Şəfanın, “ Türk Dünyası Ağsaqqalları” qəzetinin və digər kütləvi informasiya vasitələrinin rolunu da xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə də türk xalqlarının qadın jurnalistlərinin bir araya gətirilməsi vacib məqamlardan biridir. Bir sözlə, #TAİB-in Qadınlar Şurası səsini işi ilə, əməli ilə yaxın günlərdə daha uzaqlarda duyuracaq.

Güllü Yoloğlu
TAİB-in Qadınlar Şurasının sədri, tarix elmləri doktoru

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR