Yaponiya portalı Azərbaycan Prezidentinin YAP-ın 30 illiyi tədbirindəki nitqini geniş işıqlandırıb
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümünə həsr olunan tədbirdə nitqini geniş işıqlandırıb.
Agsaqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, yapon və ingilis dilində yayımlanan məlumatlarda dövlətimizin başçısının nitqinin tam mətni, həm də burada vurğuladığı xüsusi məqamlar əksini tapıb.
Prezident İlham Əliyevə istinadla qeyd edilib ki, Azərbaycan məhz ulu öndər Heydər Əliyevin siyasi xəttini davam və inkişaf etdirərək güclü dövlət qurmağa nail olub: “Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.
Həmçinin məlumatlarda Azərbaycan dövlətinin fəaliyyətinin əsas mahiyyətinin Qarabağın azad olunmasına və tarixi ədalətin bərpa edilməsinə istiqamətləndirildiyi də qeyd edilib. Bildirilib ki, məhz Azərbaycan xalqı ilə Ordumuzun birliyi nəticəsində bu tarixi qələbə əldə edilib. Xalq ilə iqtidarın bir yumruq kimi birləşməsinin nəticəsi olaraq cəmi 44 gün ərzində düşmən torpaqlarımızdan qovulub.
Məlumatlarda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda apardığı böyük bərpa və quruculuq işlərinə də xüsusi diqqət yetirilib. Azərbaycan dövlətinin başçısına istinadla qeyd edilib ki, məhz bu nəhəng quruculuq işləri nəticəsində xalqımızın həyatında yeni dövr başlayıb.
“Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”, – deyə dövlətimizin başçısına istinadla vurğulanıb.