Özbəkistanda Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində opera müğənnisi, Azərbaycanın və SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Agsaqqallar.com xəbər verir ki, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət xadimləri, ziyalılar, ali məktəblərin tələbə və müəllimləri, yerli azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş Müslüm Maqomayevin yaradıcılığına həsr edilən sərgi ilə tanış olublar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov iştirakçıları salamlayaraq, Azərbaycan xalqının daim haqlı olaraq Müslüm Maqomayev yaradıcılığı ilə fəxr etdiyini, onun mahnılarında Azərbaycana, Odlar yurduna, Vətəninə həmişə xüsusi bir sevgi olduğunu qeyd edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyətə olan böyük qayğısından danışaraq, Müslüm Maqomayevin yaradıcılığına xüsusi diqqət və həssaslıqla yanaşdığını, onunla fəxr etdiyini vurğulayıb.
Yusif Məmmədov böyük sənətkarın pərəstişkarlarından danışaraq, Özbəkistanın opera müğənnisi, “Registan” ansamblının rəhbəri, onun pərəstişkarı, illərdir dünya ölkələrinə velosiped turu edən dahi müğənninin mahnılarını ifa edən Xursand Şerov haqqında məlumat verib.
Tədbirdə çıxış edən Xursand Şerov əfsanəvi ifaçının yaradıcılığına olan sevgisindən danışaraq, bu il Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Daşkənddən velosipedlə 14 min km qət edərək Bakıya səfər etdiyini vurğulayıb. O, Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə gül dəstəsi qoyub, onun xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini söyləyib.
Çıxış edənlər dahi Müslüm Maqomayev yaradıcılığı, ifası haqqında danışaraq, onun təkrarsız səsi, mədəniyyətimiz, xalqlar dostluğuna töhfələrini xüsusi qeyd etdilər.
Daha sonra tədbir bədii hissə ilə davam edib, opera müğənnisi Xursand Şerov və müğənni Rəna Əzizova Müslüm Maqomayevin mahnıları ilə yanaşı, Azərbaycan və özbək mahnılarını ifa ediblər.
Sonda Azərbaycan xalqının dahi oğlu Müslüm Maqomayevin yaradıcılığının təbliğinə görə Xursand Şerov Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan səfirliyinin xüsusi diplomu ilə təltif olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR