TAİB İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlu “İran uzun illərdir soydaşlarımızı milli və mədəni assimilyasiyaya məruz qoyur.”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Tarixi Zəfərimizdən sonra yaşadığımız qürur dolu iki il bir daha göstərdi ki, biz necə böyük çətinliklərə, necə böyük güclərə qarşı savaşaraq möhtəşəm bir qələbə əldə etmişik”.

Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin dünənki iclasında Milli Məclisin deputatı, TAİB-in İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqının yenidən qalib xalq olaraq Milad etməsi kimi səciyyələndirilən bu tarixi hadisə millətimizin qarşısında yeni üfüqlər açaraq yeni çağırışlar və vəzifələr müəyyənləşdirib:

“Bu milli vəzifələr və çağırışlar, Prezident İlham Əliyevin dediyi kimi, hər şeydən öncə Azərbaycanın hüdudlarından kənarda yaşayan on milyonlarla azərbaycanlının təhlükəsizliyi, hüquqları, identikliyinin təmin olunması ilə əlaqədardır. Qarşımızda duran vəzifələrin sosial–siyasi düsturu da elə bu fikirdə mövcuddur. Heç kəsə sirr deyil ki, bu gün İranda on milyonlarla azərbaycanlı yaşayır. 100 ildən çoxdur ki, onların ana dillərində təhsil almaq hüquqları da daxil olmaqla bütün hüquq və azadlıqları məhdudlaşdırılıb. 1979-cu ildən sonra isə İran rejimi soydaşlarımızın mədəni hüquqlarına da təcavüz edərək onların identikliyini milli dəyərlər üzərindən deyil, məzhəb dəyərləri üzərindən təyin etməyə çalışıb. Beləliklə, İranda yaşayan 10 milyonlarla soydaşımızın milli varlığı şübhə və təhdid altına alınıb. 1945-ci ildə xalqımızın Təbrizdə yaratdığı milli hökumət və onun elan etdiyi hüquq və azadlıqlar boğulub. Azərbaycanlılar təqiblərə, təhdidlərə, işgəncələrə məruz qalıblar. İran Konstitusiyasının 152-ci maddəsində deyilir ki, İranda rəsmi dil və xətt farscadır. Ancaq digər dillərdə də təhsil almaq qadağan edilmir. Əgər belədirsə, nəyə görə bu gün azərbaycanlılar öz ana dillərində təhsil ala bilmirlər? Əgər İran konstitusiyası bütün vətəndaşlara eyni şəkildə tətbiq edilirsə, nəyə görə İranda yaşayan bir ovuc erməniyə öz ana dilində təhsil almaq hüququ verilir, azərbaycanlılara gəldikdə isə bu konstitusion hüquq heçə sayılır? İran isə uzun illərdir soydaşlarımıza dil üzərindən təzyiq edərək onları milli və mədəni assimilyasiyaya məruz qoyur. Milli dildə danışa bilməmək milli və tarixi təfəkkürdən qopmaq deməkdir. İran məhz soydaşlarımızın milli kimliyini əlindən almaq üçün bunları rəsmi dövlət siyasəti səviyyəsində qəsdən edir. Bu qəsdin davamı isə nəticə etibarilə Ermənistana hərbi-siyasi və iqtisadi dəstəklə yekunlaşır. Müsəlman mədəniyyətini dağıdan, islamı təhqir edən terrorçu Ermənistanla ittifaqa gətirib çıxarır. Bütün bunlara görə, İran orada yaşayan soydaşlarımız və dindaşlarımıza hesab verməlidir. İranın islamı təhqir edən Ermənistanla müttəfiq olması onunla birlikdə müqəddəs dinimizi təhqir etməsi deməkdir. Ona görə də İranda yaşayan milyonlarla soydaşımız öz dinlərinə sahib çıxa bilmək üçün hər şeydən öncə öz dillərinə sahib çıxmağı bacarmalıdırlar. Əks təqdirdə İran Ermənistanla dostluq edərək dinimizi təhqir etmiş olacaq. Bu gün hər bir azərbaycanlı bunların fərqində olmalı, hamılıqla dilimiz, mədəniyyətimiz, tariximiz, ortaq vətənimiz və milli identikliyimiz uğrunda mübarizəyə qoşulmalıdır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR