Türk dünyasının gələcəyi baxımından tarixi zirvə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hulusi Kılıç: Cənab Prezident İlham Əliyevin çıxışında qaldırdığı məsələ TDT-nin bundan sonrakı Zirvə Görüşlərinin gündəmində yer alacaqdır
BAYRAQDAR MEDİA – “Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dünyasının gələcəyi baxımından tarixi bir zirvə oldu. Əvvəla bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı adlandırıldıqdan sonra keçirilən ilk zirvə görüşü idi. Digər tərəfdən isə bu tədbirdə olduqca önəmli qərarlar qəbul edildi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, Türk Ağsaqqalları Birliyinin həmsədri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Səmərqənd Zirvəsi türk dövlətləri liderlərinin önəmli açıqlamaları ilə də diqqət mərkəzində oldu: “Məsələn, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd etdi. Sayın Erdoğan həmçinin, Azərbaycanın işğaldan azad edilmiş torpaqları sürətli şəkildə yenidən qurduğunu da dedi. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusilə də Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin ana dilində təhsil almaq imkanlarından məhrum olması ilə bağlı dediyi sözlər diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti onu da bəyan etdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin çıxışında qaldırdığı məsələ TDT-nin bundan sonrakı Zirvə Görüşlərinin gündəmində yer alacaqdır”.

H.Kılıçın sözlərinə görə, Səmərqənd Zirvəsində qəbul edilən digər bir tarixi qərar Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) ilə bağlı oldu: “Bəlli olduğu kimi, KKTC TDT-yə müşahidəçi üzv qəbul edildi. Bu da uzun illərdir Qərbin Kıbrıs türklərinə qarşı tətbiq etdiyi ikili standartlara cavabdır. Bu qərar Kıbrıs türklərinin haqlı davasına dəstək üçün mühüm addımdır. Mən bu münasibətlə Kıbrıs türklərini təbrik edirəm. Eyni zamanda, gələcəkdə KKTC-nin TDT-ya tamhüquqlu üzv qəbul edilməsini arzu edirəm”.

Vurğulanıb ki, Səmərqənd Zirvəsində iqtisadi baxımdan da mühüm qərar qəbul edilib: “Onu da deyim ki, TDT ortaq dil, tarix və mədəniyyətə malik ölkələrin birliyidir. TDT hərbi birlik deyil. Bu təşkilatın məqsədi sülh, sabitlik və iqtisadi inkişafa dəstək olmaqdır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR