Mehriban Əliyevadan qətiyyətli addım– Milli maraqlarımızdan irəli gələn etiraz

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir.

2004-cü ilin sentyabr ayından isə Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə YUNESKO tərəfindən şifahi və musiqi ənənələri sahəsində “Xoşməramlı Səfiri” adına layiq görülmüşdür.

Hazırda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir.

Ölkəmizdə maddi və qeyri- maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.

Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-YUNESKO əlaqələrinin yüksələn xəttlə inkişafına, YUNESKO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, YUNESKO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilmir, göstərilən yüksək münasibət adekvat reaksiya doğurmur.

Belə ki, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən maddi və mənəvi təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsi Azərbaycanın YUNESKO qarşısında qaldırdığı əsas məsələrdən biri olmuşdur.  Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməmişdir.

Bunun əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanan kimi, YUNESKO Azərbaycanın guya bəzi abidələri dağıtması barədə Ermənistanın iddialarına əsaslanaraq bölgəyə öz missiyasının göndərilməsinə maraq göstərmşdir. Bu dəfə də, Azərbaycanın xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirmiş və yenə də missiya reallaşmamışdır.

Əlbəttə Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması da istisna edilməməlidir.  Fransanın türk dünyası, xüsusilə Azərbaycanla soyuq münasibətləri heç kəsə sirr deyil.   Görünür YUNESKO da öz prinsiolərindən və söykənməli olduğu dəyərlərdən uzaq düşərək rəsmi Parisin mövqeyi əsasında fəaliyət göstərməyə üstünlük verir. Əvvəlki illərdə isə tamam başqa mənzərənin şahidi olurduq.  Məsələn 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə UNESCO ən azından Azərbaycanın çağırışlarına reaksiya vermiş, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd etmişdir.

Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulay məsələrə Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi və ermənipərəst siyasəti kontekstində yanaşır.

Odur ki, Azərbaycan məhv edilmiş mədəni irsinin bərpası kimi məsələlərdə YUNESKO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə əvvəlki illərdə səsləndirilmiş bəyanatlara məhəl qoyulmaması birmənalı olaraq qərəz kimi qiymətləndirilib.

Bütün yuxarıda sadalanan faktlar göstərir ki, Mehriban Əliyevanın atdığı qətiyyətli addım bilavasitə milli maraqlarımızdan irəli gəlir. Azərbaycanın Birinci Vitse-Prezidenti növbəti dəfə nümayiş etdirdi ki, fəaliyyətinin qayəsində dövlətinin söykəndiyi ədalət prinsipləri dayanır. 

Bəli, Mehriban xanımın bu addımı mədəni irsimizin dağıdılmasına YUNESKO- nun biganə qalmasına diplomatik etirazıdır. O da açıq şəkildə qeyd olunmalıdır ki, Mehriban Əliyeva şəxsiyyəti, onun həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr YUNESKO-nun imicinin yüksəlməsinə səbəb olmuşdu.

Təşkilat bundan sonra ciddi nüfuz sarsıntısına uğrayacaqsa, gərəkdir ki, bu, heç kəsdə təəccüb doğurmasın.

Teymur Aslanov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR