Türk Ağsaqqalları Birliyi – TAİB-in ofisində İranın riyakar siyasəti və təxribatçı davranışları ilə bağlı müzakirələr aparılıb – Fotolar
Türk Ağsaqqalları Birliyi –TAİB-in ofisində İranın təxribatçı davranışları, Azərbaycana qarşı qərəzli mövqeyi və bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına dair müzakirələr aparılıb.
TAİB-in İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilən müzakirələrdə İran daxilində molla rejiminə qarşı keçirilən aksiyalara diqqət yönəldilib və hazırda müşahidə olunan proseslər hakim qüvvələrə qarşı ümumxalq nifrətinin nümunəsi kimi qiymətləndirilib.
Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısındakı çıxışının tarixi əhəmiyyətindən söz açan TAİB rəsmiləri İranda yaşayan soydaşlarımızın elementar hüquqlarla da təmin olunmaması faktından, molla rejiminin Azərbaycan türklərinə qarşı ayrıseçkilik siyasətindən geniş şəkildə bəhs ediblər.
TAİB-in İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öz çıxışında qeyd edib ki, İran tarix boyu Azərbaycana qarşı qərəzli siyasət yürüdüb və əgər əvvəllər molla rejimi riyakar planlarını gizli şəkildə həyata keçirməyə çalışırdısa, hazırda öz məkrli niyyətlərini açıq formada büruzə verir:
“İran özünü İslam ölkəsi adlandırsa da, əslində bütün dövrlərdə İslam dünyasına qarşı düşmən münasibəti bəsləyib. Allahın evlərində donuz bəsləmiş erməniləri öpüb bağrına basanlar müsəlman ölkəsi ola bilməzlər!” – deyə, Vüqar Rəhimzadə vurğulayıb.
TAİB-in İdarə Heyətinin üzvü, İntizam Komissiyasının sədri Nüsrət Paşayev İrandakı proseslərə toxunaraq TAİB olaraq Güneydəki soydaşlarımızın hüquqularının müdafiəsi, haqq səslərinin dünyaya çatdırılması kimi məsələləri daim diqqətdə saxlayacaqlarını bildirib. Nüsrət Paşayev qeyd edib ki ictimai təşkilat kimi Azərbaycan dövlətinin sözügedən məsələlərlə bağlı siyasətini, dövlət başçısının açıq və prinsipial mövqeyini dəstəkləyirlər.
TAİB-in İdarə Heyətinin üzvü Akif Rufullayev də öz növbəsində İranda azərbaycanlıların məruz qaldığı amansız içşəncələr, təzyiq və təqib hallarından söhbət açıb və qeyd edib ki, bu gün İranın fars-molla rejimi bütün dünya üçün təhdid yaradır.
TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar, təşkilat sədrinin xarici məsələlər üzrə müavini Elnur Eltürk, sədrin ictimaiyyətlə əlaqələr üzrə müavini Şərafət Şəfa və TAİB təmsilçisi, tanınmış şair Zaməddin Ziyadoğlu da şıxış edərək İranın təxribatçı davranışları barədə sərt fikirlər səsləndiriblər.