İlk milli Konstitusiyamızın qəbulu ölkədə humanitar inkişafın prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu İlk milli Konstitusiyamızın qəbul edilməsindən 27 il keçir. On iki fəsil, 158 maddədən ibarət olan bu Əsas Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilmişdir. Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə uzun sürən totalitar sistemdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından – əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə edilməsində iştirak hüquqları və sairədən yararlanmaq imkanı verilmişdir.

Hər bir dövlət yalnız vətəndaşlarının təhlükəsizliyini, onların hüquqlarının və qanuni maraqlarının qorunmasını, müdafiəsini və bunun səmərəli bərpasını təmin etdikdə, mahiyyətcə hüquqi dövlət kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (dövlətin ali məqsədi), 24-cü (insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi), 25-ci (bərabərlik hüququ), 26-cı (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı), 61-ci (hüquqi yardım almaq hüququ), 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrində müstəqil, suveren milli respublikamızda insan hüquq və azadlıqlarına ali dəyər verilməsi, onların tanınması və müdafiəsində dövlətin vəzifəsi və s. məsələlər hüquqi həllini tapmışdır.

Eyni zamanda, bu maddələrin məzmununa əsasən, dövlət yalnız birbaşa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqları deyil, həmçinin onlardan irəli gələn və qanun əsasında əldə edilən digər hüquqları da qorumağa və müdafiə etməyə borcludur. İlk milli Konstitusiyamızın qəbulu, sadəcə, yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkədə humanitar inkişafın prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyəvidir.

Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşmişdir.

Sevil Əliyeva

Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR