12 oktyabr Konstitusiya Günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdu.
Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Fəridə Rzayeva

 Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR