10 noyabr Bəyanatı Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünün təsdiqidir
10 noyabr Üçtərəfli tarixi Bəyanatın ikinci ildönümüdür. Bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyasının təsdiqi, uzun illər davam edən işğala son nəticəsə idi. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Bu Bəyanatın imzalanması ümumxalq birliyimizin bariz nümunəsi və təntənəsidir.
10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir.
Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur.
Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Məhz buna görə də, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.
Adı çəkilən Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Bu isə Türkiyənin rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaqdır.
10 noyabr Bəyanatı Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutur. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaqdır.
Rəşad Ədilzadə
Bakı Texniki Kollecin tələbəsi