Qorxusu yoxdu hər şey yaxşı olacaq, darıxma… NİKO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müharibə həyatda baş verə biləcək ən dəhşətli hadisədir. O, bir nəfərdən yan keçmir, hər ailəyə kədər gətirir. Ümumxalq ağrısıdır bu ağrı. 44 günlük müharibə zamanı üç mindən artıq gənc bizim işıqlı gələcəyimiz üçün canından keçdi.

Onlar bizim üçün döyüşdülər, Vətən uğrunda vuruşdular. Xalqımızın, igid oğullarımızın şücaətinin xatirəsi hər zaman yaddaşlarda qalacaq. İllər ötsə də onlar unudulmur, daim xatırlanır. Bir çox yazılan kitablar, çəkiləcək filmlər, görüşlər və keçirilən tədbirlər tarixin bu səhifələrini keçmişdə qoymağa, unudulmasına imkan verməyəcək. Çünki onların qəhramanlıqları iradə və ruhun nümünəsidir, həyatda hər birimizə bir örnəkdir.

Bu cür qəhramanlıq göstərənlərdən biri, şəhidlik zirvəsinə ucalan – mesajı ilə əzizlərini ruhlandıran Nicat Tanrıverdiyev idi. 17 noyabr 1998 – ci ildə ziyalı ailəsində anadan olan Nicat yeganə övlad idi.

Müharibənin ilk günlərindən onun vətənpərvərlik hissi və döyüş ruhu çox yüksək idi. Nicat özüyeriyən artilleriyada tuşlayıcı idi. 44 gün cəsarətlə vuruşan və Murovdağ yüksəkliyinin, Suqovuşanın alınmasında qəhramanlıq nümayış etdirən Nicat, 9 noyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə Qələbəyə dəqiqələr qalmış şəhadətə qovuşmuşdur.

Belə igidləri yetişdirən qəhraman analar! Sizin qarşınızda baş əyirik! Siz qürurlu duruşunuzla, mərd baxışlarınızla onları yaşadır, ölümsüzlüyün zirvəsinə ucaldırsız… O, hər gün Nicatın görüşünə tələsir. Heç bir təsəllisi olmayan Şükran ana bu yolu şərəflə gedir. Başını dik tutsa da, göz yaşlarını ovundurmağa çalışsa da, dindirəndə gözləri selə dönən Şəhid anası! Vətənə, torpağına bağlı qəhrəman yetişdirən Şəhid anası!

Təkcə Nicat deyil, Siz hər ikiniz qəhramansınız! Nicat Vətən uğrunda gözünü qırpmadan canını fəda etdi. Siz isə hər gün, hər an onu mətin iradənizlə yaşadırsınız..
Müharibənin bitməsindən iki il keçsə də, igidlərimizin xatirəsi xalqımızın qəlbində yaşayır və hər zaman əbədi yaşayacaq. Bizə yaşatdıqları o Böyük Qələbə sevincini və bu gün keçirdiyimiz qürur hissini onlara borcluyuq. Qəhramanlardan danışarkən onlarla fəxr edir, onlara minnətdar oluruq. Dinc səmamız, gözəlləşən Qarabağımız və qüdrətli ölkəmiz – bu onların dünənki şücaəti, bizim bugünkü xoşbəxt həyatımızdır.

AMEA MEK Qadınlar təşkilatının sədri  h.ü.f.d. Cəfərova Reyhan Fəhrat qızı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR