Vaşinqtonda Türk Dövlətləri Təşkilatının ildönümü tədbiri keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Dövlətləri Təşkilatının yaranmasının 13-cü ildönümü münasibətilə Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murad Mərcanın ev sahibliyi ilə tədbir keçirilib və ziyafət verilib.

Missiya.Az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin səfir və diplomatları ilə yanaşı, dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisi Erika Olson, bir çox amerikalı ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə  çıxış edən Türkiyənin Amerikadakı səfiri Həsən Murad Mərcan çıxış edərək bildirib ki, Türkiyə 1990-cı illərdən etibarən Orta Asiyada türk cümhuriyyətlərinin müstəqilliyini, sabitliyini və firavanlığını prioritet hesab edir.

Türk dövlətlərinin əlaqələrində ortaq mədəniyyət, tarix, dil və qohumluğun mühüm faktorlar olduğunu qeyd edən Mərcan, “Bu gün 300 milyona yaxın əhalini təmsil edirik, bizi ancaq sərhədlər ayırır” deyə vurğulayıb.

Türk Dövlətləri Təşkilatının əsas dəyərlərinin qarşılıqlı etimad, siyasi həmrəylik, dövlətlər arasında sülh və sabitlik, iqtisadi və texniki əməkdaşlığın artırılması, türk mədəni və tarixi irsinə dəstək olduğuna diqqət çəkən Mərcan, təşkilata sədrlik edən Özbəkistana uğurlar arzuladı.

Növbəti dövrdə Türk Dövlətləri Təşkilatına sədrlik edəcək Özbəkistanın Vaşinqtondakı səfiri Cavlon Vahabov isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin texnologiya, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.

“Biz gənclərin cəlb edilməsində, turizm sahəsində əməkdaşlığın artırılmasında, incəsənət  və elmin təbliğində səylərimizi birləşdirəcəyik”, – deyə Vahabov bildirib.

Qəbulda qısa çıxış edən ABŞ dövlət katibinin müavini Olson təhlükəsizlik, qlobal enerji və ərzaq təhlükəsizliyi kimi çağırışlar qarşısında Türk dövlətlərinin əməkdaşlığının vacib olduğunu və ABŞ-ın bu ölkələrlə işləməkdən şərəf duyacağını qeyd edib.

Olson ABŞ-ın təşkilata üzvü olmadığını, lakin tərəfdaş kimi təşkilatla çox əlaqəsi olduğunu bildirib.

Sonda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Əmrayev qəbula videomüraciət göndərərək, səfir Mərcana ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib.

Teymur Aslanov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR