Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələr yeni müstəviyə qədəm qoyur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Fəxri qonaq statusunda iştirakı tərəflərin qarşılıqlı olaraq münasibətlərin inkişafında maraqlı olduğunu göstərdi.

Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə qurumda daimi müşahidəçi statusuna malikdir. Azərbaycan isə 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür. Dövlət başçısı sammitdə çıxışı zamanı bir sıra aktual mövzulara, o cümlədən, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığa, qətliama diqqət çəkərək analoji hadisələrin Ermənistan tərəfindən Azərbaycanda da törədildiyini bildirdi: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialnı, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Dövlət başçısı deyib ki, ona Fransanın işğalı zamanı fransızların 5 milyondan çox mina basdırması barədə məlumat verilib: “Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”. Tarixə nəzər salanda Fransanın Əlcəzairdə apardığı işğalçılıq, soyqırım siyasətilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda törətdiyi vandal aktları, qətliamlar, zorakılıq arasında oxşarlıq özünü göstərir. Təəssüf ki, Fransa indi də eyni siyasətə “sadiq” qalıb. Ermənistanın mənfur əməllərinə, beynəlxalq hüququ zidd addımlarına dəstək verir. Bu gün Fransa qondarma “erməni soyqırımı”nın tanıdılması sahəsində “əsil liderlik” rolunu oynayır. Ancaq Fransanın törətdiyi soyqırım heç vaxt unudula bilməz və unudulmamalıdır. Azərbaycan lideri sammitdə çıxışında bildirib ki, burada Qoşulmama Hərəkatının sədri kimi iştirak edir, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var: “Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”.

Prezident İlham Əliyevin noyabrın 1-də Əlcəzairə səfəri və Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı bir çox aspektdən xüsusi önəm daşıyır. Bu eyni zamanda Ərəb dövlətləri ilə münasibətlərin inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.

Ruhəngiz Heydərova

Nizami rayonu 238 saylı məktəbin direktor müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR