Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir
Prezident İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Fransanın tarixi keçmişi barədə cəsarətli bəyanatı heç də təsadüfü deyil. Çünki məhz Fransa özünün törətdiyi Əlcəzair soyqırımını unudaraq bu gün “əzabkeş ermənilərin qondarma soyqırımının” təbliğatçısı kimi çıxış etməsi gec-tez öz başında çatdamalı idi. Bu cəsarətli çıxışı, bəyanatı erməni faşizmi üzərində tarixi qələbə çalan bir ölkənin-Azərbaycanın Prezidenti edə bilərdi.
Son zamanlar Fransa Prezidenti Makronun ifrat ermənipərəstliyinə Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanaraq çıxış etməsi sarsıdıcı bir zərbə oldu. Bəli tarixi faktdır ki, Fransa Əlcazairdə dəhşətli soyqırım törədib. Lakin keçmişindən utanmayan Fransa qondarma erməni soyqırımına həqiqət donu geyindirmək üçün dəridən-qabıqdan çıxır. Tarixi gerçəkliklər isə tamam başqadır. Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir. Məhz fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Bu gün Əlcəzairin “1,5 milyon şəhid ölkəsi” adlandırılması Fransanın yaratdığı acı reallıq, tarixdə az-az bənzəri tapılan insanlıq faciəsidir. Bütövlükdə 10 milyona yaxın əlcəzairlinin Fransanın müstəmləkəçilik dövrünün qurbanı olması, öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törətməsi gerçək tarixdir. Öz gözündə tiri görməyən Fransa başqa gözdə çöp axtarır, ermənilərin uydurma soyqırımına müxtəlif don geydirərək gah Türkiyəni, gah da Azərbaycanı ittiham edir. Fransa tarixin üzünə dik baxsa, orada qondarma erməni soyqırımını yox, özünün törətdiyi əsl soyqırımları görəcək. Belə bir qara ləkəli tarixi olan Fransa hansı haqla və hüquqla Türkiyəni və Azərbaycanı ittiham edir. Fransa Azərbaycanı ittiham etmək haqqını çoxdan itirib. Azərbaycan Fransa kimi soyqırım törətməyib, başqa ölkələrin torpaqlarını işğal etməyib. Azərbaycan haqq savaşına qalxaraq öz tarixi torpaqlarına geri dönüb. Bu tarixi torpaqlarımızı bütün dünya Azərbaycan ərazisi kimi tanıyıb.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında dövlətimizin başçısı Fransanın hazırda da davam etdirməyə cəhd göstərdiyi siyasətə öz münasibətini bildirdi: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
44 günlük Vətən müharibəsindən ötən dövr ərzində də Fransa anti-Azərbaycan və ermənipərəst siyasətinə zərrə qədər də ara verməyib. Tam əksinə Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarının ardınca Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşdığı məlumdur. Belə bir vaxtda Prezident İlham Əliyevin Əlcəzairdə qəti və aydın mesajları ilə Fransanın anti-Azərbaycan siyasətinə cavab verməsi təkcə Azərbaycanda deyil, Əlcəzairdə və mötəbər Ərəb Dövlətləri Liqasının üzvü olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanıb.
Mayıl Əliyev
Nizami Rayon Ağsaqqallar Şurasının sədri