BƏŞİR ƏMİNİN XATİRƏLƏRİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Həmişə texniki imkansızlıqdan əziyyət çəkmişəm. Yəni vaxtında nə səs yazanım, nə də bilgisayarım olub. Buna görə də yazılarım əsasən əlyazmalardı. Pisi odur ki, xalq nəğmələrini (nanayları, tırınqıları, qımqımıları və digər xalq mahnılarını nəzərdə tuturam), eləcə də sinədəftərlərin səsini yazıya ala bilməmişəm. Buna görə də elə indinin özündə də xeyli əlyazmalarım var. Təbii ki, bunların arasında çap olunmayanlar da az deyil.

Bu yaxınlarda yenə arxivimi nəzərdən keçirəndə gözümə bir neçə vərəq əlyazma dəydi. Baxdım “Bəşir əminin xatirələri”dir. Odur ki, bu yazını çapa hazırladım.

Həmişə ağbabalılarla, şörəyellilərlə münasibətlərim isti olub, çünki bu kəndlərə çox gedib-gəlmişəm, buralarda sinədəftərlərlə xüsusi səmimiyyətim olub. Təbii ki, 1988-ci ilin məlum hadisələrindən sonra da Amasiya bölgəsindən olanlarla əlaqələrimi kəsmədim. Belələrindən biri də Bəşir əmidir. Həmişə olmasa da hərdən bir görüşürük. Bəşir əmi qonaqpərvər və xeyirxah adamdı. Bəzən məni tək görəndə çox narahat olur:
– Ay sağolmuş, yoldaşlı gələydin! Məsələn, yanında da Aşıq Faxfur olsa nə yaxşı olardı! Gələndə bizim Məcnun Ağbabalıya da xəbər versəydin!
Mənim dinmədiyimi görməyincə o irəli gəlib mənimlə hərarətlə görüşür:
– Dediyim odur ki, bax Aşıq Faxfurla gəl. Yenə onun sazı-sözü, oxuması bir az dərd-sərimizi aparardı, Məcnun müəllim də bir-iki şeir oxuyardı, mən də ona qoşulardım. Güllücəli günlərimi, ağbabalı anlarımızı xatırladıqca xatırlayardım. Beləcə söz-söhbət dolana-dolana gəlib Ağbaba bölgəsinin üstə çıxanda yurd həsrəti, o dağların həsrəti Bəşir əmini necə təsirləndirdisə dedi:
– Yox, a müəllim, deyəsən burda bir söz deyəcəyəm.
– Buyur, Bəşir əmi, buyur.
Bəşir əmi də sözə başladı, nə başladı:

Din içində din saxladıq,
Ağbabanın dağlarında.
Gülü-çiçəyi qoxladıq,
Ağbabanın dağlarında.

Qız-gəlinlər gözəl idi,
Yox idi heç kəsin dərdi.
Ellərin çox idi mərdi,
Ağbabanın dağlarında.

İnsanların safı, düzü,
Bəşir deyər doğru sözü.
O buz bulaqların gözü
Ağbabanın dağlarında.

Sözünü bitirən kimi dərindən nəfəs aldı:
– Ağbaba adını çəkincə sanki gözlərimə işıq gəlir. Amma bir iş var ki, Ağbabanı unutmaq olmur. Ahan yenə gərək burda bir söz deyəm.
– Buyur, Bəşir əmi.

Dağlarında sürü-naxır çox idi,
Adamların gözü-könlü tox idi.
Qoynunda heç dığa-mığa yox idi,
İndi hardan gəldin gözə, Ağbaba?!

Susdu, mən də ona baxıb dillənmədim. Baxdım handan-hana ev sahibi bir mənə, bir özünə, bir də pəncərədən uzaqlara baxıb köksünü ötürdü:
– Hardasan, ay Aşıq İsgəndər, belə yerdə sən olacaqdın ki!..
Qəhərləndi kişi:
– Deyirəm, söz ki, gəlib, bir-iki söz də Aşıq İsgəndərə deyim.
– De, Bəşir əmi, de.

– Sinən yaralıydı, havan yaralı,
Sözləri dillərə düşən İsgəndər.
Qəddin tez əyildi, dərbədər oldun,
Fələyin zərbinə dözən İsgəndər.

Yurddan ayrı düşdün, eldən aralı,
Dağdan gələn aran yerdə saralı.
Fələk bizi qaralayıb vuralı,
Gör necə pozuldu düzən, İsgəndər.

Sazın Faxfurdadı, sözün dillərdə,
Xatirini əziz saxlar ellər də.
Bəşir deyər bu sözləri hər yerdə,
Yoxdu sən tək dərdi yazan, İsgəndər.

Sözünü bitirib qəmli-qəmli üzümə baxdı:
– Ay sağ olmuş, bir tərəfdən də bu zalım qocalıq yapışıb yaxamdan… Didərginlik, onun gətirdiyi dərd-bəla, bunun üstündən də bu qocalıq… Yox, burda yenə bir söz deyəcəm.
Qəza gəldi, qəfil düşdü qaçaqaç,
Adlı kəslər oldu yoxsul, yalavac.
Qara gəldi, gözəl günlər oldu puç,
Ehtiyaca boyun əyə bilmirəm.

Mənim onu diqqətlə dinlədiyimi görəndə müsahibim bir az da kövrəldi:

Yadıma düşübdü o Çətin dərə,
Gəzəm qarış-qarış bir neçə kərə.
Bu Tanrı əlimə bir fürsət verə,
Güllücə kəndində qalam, Ağbaba.

Bax, bunu niyə belə demişəm? Bilirsənmi, müəllim?! Yox, bilmirsən. Bu da bir ehtiyacdı. Sən məndən yaxşı bilirsən, neçə dəfə qonağı olubsan… Aşıq İsgəndər Ağbabalını deyirəm. Şəmkirə düşmüşdü… Nolacaq, bir dəfə yanına gedirlər, hal-əhval tuturlar. Amma aşığın əhvalı düzəlmir, deyir:
– Adam qocalanda nə arzulayır, daha çox hara getmək istəyir? Bilirsinizmi? Anadan olub, boya-başa çatdığı yerə. Mənim də yaşımın bu vaxtında getməyə yerim yoxdu – yağı tapdağındadı.. Bu dərdi qaldıra bilmirəm, daha nə deyim.
Bax, indi mən də o hesab…
Yenə qəhərləndi kişi:
– Sənin dediyin bir bayatı var – o yadıma düşdü:

Dağ itdi,
Duman basdı dağ itdi.
Biz də bir elat idik,
Fələk vurdu, dağıtdı.

Bəşir əmin təhsil-filan görməyib. Baxırsanmı, bu didərginlik, yurd həsrəti məni də şair elədi. Mən özümü şairlərə tay eləmirəm – dərddi məni dilləndirən.
…Bəli, bu görüş məni çox təsirləndirdi deyə bunu olduğu kimi qələmə aldım.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR