Özbəkistan telekanalında Azərbaycanın Şuşa və Füzuli şəhərləri ilə bağlı veriliş nümayiş etdirilib
Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko’rdik” verilişinin jurnalistlərinin Azərbaycana, işğaldan azad olunmuş bölgələrə mediaturu təşkil edilib.
Səfirlikdən Agsaqqallar.com-a bildirilib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, mediatur paytaxt Bakı ilə yanaşı, Azərbaycanın erməni işğalından azad olunan Şuşa, Füzuli, Zəngilan, Ağdam rayonları və Gəncə şəhərinə təşkil olunub.
Jurnalist Manuçehr Qalandarzodanin aparıcılığı ilə verilişdə Qarabağda 8 ay müddətində tikilən Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib, onun istənilən tip təyyarəni qəbul etmək imkanları, uçuş-enmə zolağı, müasir infrastrukturla təchiz olunan terminalı haqqında geniş məlumat öz əksini tapıb.
Bildirilib ki, Füzuli şəhəri işğal olunmuş digər Azərbaycan rayonları kimi 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin nəzarətində olub və Vətən müharibəsi nəticəsində işğaldan azad edilib. Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərini qeyd edən aparıcı Manuçehr Qalandarzoda Özbəkistanın Qarabağın bərpasında təşəbbüsü və azad edilmiş Füzuli şəhərində məktəb tikmək qərarı haqqında fikirlərini bölüşüb.
Hazırlanan proqramda Azərbaycanın musiqi və poeziya beşiyi, “Qafqazın Konservatoriyası” – Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri haqqında məlumat verilib. Bildirilib ki, şəhər 1751-ci ildə Pənahəli xan tərəfindən Qarabağ xanlığını qorumaq üçün qala kimi yaradılıb və onun şərəfinə əvvəlcə Pənahabad adı verilib, sonra isə Şuşa adlandırılıb.
Aparıcı vurğulayıb ki, ermənilər 30 ilə yaxın işğalı altında qalan Şuşa şəhərinin bir çox binalarını, o cümlədən məşhur tarixi memarlıq abidələrini dağıdıblar.
Verilişdə Azərbaycanda Vətən müharibəsində həlak olmuş əsgərlərin xatirəsinin rəmzi kimi qəbul edilmiş, həmçinin Azərbaycan Ordusunun Qələbəsinin rəmzi kimi tanınan “Xarıbülbül” çiçəyi formasında olan simvoldan danışılıb.
Aparıcı M.Qalandarzoda XVIII əsrdə yaşamış Azərbaycan şairi və dövlət xadimi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin məqbərəsini də ziyarət edib, bu binanın Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən tutulmasından sonra ciddi ziyan gördüyünü, yalnız divarlarının qaldığını qeyd edib. O, şəhər azad olunduqdan sonra Azərbaycan dövləti tərəfindən Vaqifin Muzey-Məqbərə kompleksinin bərpa edildiyini vurğulayıb.
Hazırlanan verilişdə XVIII əsrə aid tarixi-memarlıq abidəsi – Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın ikimərtəbəli evi və şairə haqqında məlumatlar da öz əksini tapıb.
Şuşa haqqında hazırlanmış veriliş Cıdır düzünün kənarında başa çatıb, burada aparıcı böyük özbək hökmdarı və sərkərdəsi Əmir Teymurun sevimli istirahət yerinin Azərbaycanın Qarabağ bölgəsi olduğunu və Qarabağın Türk torpağı olduğunu söyləyib.