Ərdoğan: “Türkiyə qlobal pandemiya ilə uğurla mübarizə apardı”
“Biz Türkiyə olaraq qlobal pandemiya ilə uğurla mübarizə apardıq. Bunu həm səhiyyə xidmətlərimiz, həm də digər ölkələrə göndərdiyimiz yardımlarla həyata keçirdik”.
Agsaqqallar.com “Report” a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bütün mövcud imkanlar insanlıq üçün səfərbər olunmuşdu: “İndi də qida böhranı yaşanır. Dünyada buğda tədarükünün üçdəbir hissəsini Rusiya və Ukrayna ödəyir. Bizim bu məsələdə göstərdiyimiz səyləri görürsünüz”.
R.T.Ərdoğan deyib ki, Türkiyə insanlığa xidməti davam etdirəcək: “Məqsədimiz Türkiyə yüz ili çərçivəsində Türkiyə markası ilə səhiyyə sahəsində zirvəyə çıxmaqdır. Biz elm və texnologiyadan səhiyyə sahəsində beynəlxalq standartlara uyğun istifadə edən ölkəyik. “TURKOVAC” vaksini ilə dünyada peyvənd istehsal edən 9 ölkədən biri olduq”.