Mehriban qonşuluq siyasəti iqtisadi münasibətlərin inkişaf etdirilməsində başlıca şərtlərdən biridir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanat verərkən ikitərəfli əlaqələrin inkişafına toxunmaqla yanaşı, Bakı və Tblisinin geosiyasi proseslərin təsiri ilə regionda yenidən formalaşdırılan nəqliyyət dəhlizlərində aparıcı roluna diqqət çəkib.

Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var: “Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə yeni yaranan nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunarkən deyib ki, Bakı ilə Tbilisi tarixi layihələrə imza atıb və bundan sonra da həmin ikitərəfli əlaqələri daha da sürətləndirmək əzmindədirlər: “Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik”.

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf prespetivlərinə toxunub: “O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq”.

Prezident çıxışı zamanı Azərbaycanda dəhlizlərlə bağlı infrastrukturun inşasına toxunub və bildirib ki, Gürcüstanla həyata keçirilənlayihələrimiz eyni vaxtda tamamlanmalıdır: “Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır”.

Həm Gürcüstanın Azərbaycanla ticarət dövrüyyəsi, həm ölkələr arasında formalaşdırılmış etibarlı tərəfdaşlıq mühiti, həm də ölkəmizin nəqliyyat dəhlizləri ilə bağlı infrastrukturu sürətlə inşa etməsi Tbilisinin Bakı ilə əməkdaşlığa daha çox önəm verməsi ilə nəticələnir. Bakı bölgədə baş verən proseslər fonunda planlaşdırılan layihələrin icrasındakı açar dövlət rolunu daha da möhkəmləndirir. Bunun səbəbləri sırasına Azərbaycanın iqtisadi təsir imkanları və sürətli nəqliyyat infrastrukturu inşa etməsi ilə yanaşı, həm də mehriban qonşuluq siyasəti dayanır.

Nərmin Cəfərova

Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR