Faydalı qazıntı ehtiyatları ilə zəngin olan Qubadlı rayonu ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Azərbaycan Ordusunun şücayəti və  peşəkarlığı nəticəsində ilk növbədə şəhərə hakim olan yüksəkliklər götürülüb, oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

2020-ci il 23 dekabrda Prezident İlham Əliyev Qubadlıda Azərbaycanın dövlət bayrağını  ucaldıb.

İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Bundan başqa, işğal dövründə ermənilər Qubadlı rayonunun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdılar. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı.

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı rayonun azad olunması strateji baxımdan Azərbaycanın daha bir üstünlüyü əldə etməsinə gətirib çıxardı. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Ərazidə yüksəkliklər mövcuddur. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Qubadlı rayonunun azad edilməsi ilə Azərbaycan Ermənistanla 120 kilometr sərhədini də özünün nəzarətinə almış oldu. Bu, Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edir.

Qubadlının faydalı qazıntı ehtiyatları ilə zəngin olması onun strateji əhəmiyyətini daha artırır. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Gələcəkdə bu cür qiymətli faydalı qazıntı yataqlarının istismar edilməsi həm Qubadlının iqtisadiyyatında, əhalisinin işlə təminatında, həm də ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq.

 

Mayıl Əliyev  

Nizami Rayon Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR